Hasan Oktay: “Türkiyə Cənubi Qafqazı milli təhlükəsizliyinin ayrılmaz hissəsi hesab edir”

Üçtərəfli sülh olmadan nə Zəngəzur, nə də TRIPP reallaşa bilər

Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclasında Cənubi Qafqazın əsas müzakirə mövzularından biri kimi gündəliyə daxil edilməsi regionda baş verən proseslərin Ankaranın milli təhlükəsizlik strategiyasında getdikcə daha mühüm yer tutduğunu göstərir. Son dövrlərdə Azərbaycan-Ermənistan münasibətlərində müşahidə olunan diplomatik dinamika, sülh sazişi üzrə davam edən müzakirələr, nəqliyyat-kommunikasiya layihələrinin gələcəyi və bölgədə xarici güclərin artan fəallığı fonunda Türkiyənin bu məsələləri kompleks şəkildə dəyərləndirməsi təsadüfi deyil. Üstəlik, Cənubi Qafqazın ABŞ-İran qarşıdurması, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginlik və Qara dənizdə təhlükəsizlik məsələləri ilə eyni gündə müzakirə olunması Ankaranın regionları bir-birindən ayrı deyil, qarşılıqlı təsir göstərən vahid geosiyasi təhlükəsizlik məkanı kimi qiymətləndirdiyini ortaya qoyur. Bu baxımdan, Milli Təhlükəsizlik Şurasının iclasında veriləcək mesajlar təkcə Türkiyənin regional siyasətinin istiqamətlərini deyil, həm də Cənubi Qafqazda yaxın perspektivdə gözlənilən siyasi və təhlükəsizlik proseslərini anlamaq baxımından mühüm əhəmiyyət daşıyacaq.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a bildirib ki, Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclaslarında regional və qlobal təhlükəsizlik dinamiklərinin, xüsusilə də Cənubi Qafqazdakı vəziyyətin müzakirə olunması Ankaranın strateji prioritetlərini əks etdirir:

“Azərbaycan və Ermənistan arasında fəaliyyət göstərən sərhəd komissiyalarının işi, son görüşlərin nəticələri və bu prosesin təhlükəsizlik baxımından yaratdığı imkan və risklər. Regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması, xüsusilə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək marşrutların perspektivləri Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Lakin burada mühüm məqam ondan ibarətdir ki, üçtərəfli sülh razılaşması olmadan nə Zəngəzur dəhlizinin, nə də TRIPP layihəsinin reallaşması real görünür. Əgər Azərbaycan, Ermənistan və Türkiyə arasında hərtərəfli sülh əldə olunarsa, bu layihələr ayrıca siyasi mübahisə mövzusu olmaqdan çıxacaq və kommunikasiya xətləri təbii şəkildə fəaliyyət göstərəcək. İki ölkə arasında sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması istiqamətində atılan addımlar və qarşılıqlı etimadın gücləndirilməsi. Qərb ölkələri və digər regional olmayan güclərin Cənubi Qafqazdakı hərbi-siyasi fəallığının regional sabitliyə mümkün təsirləri”.

Analitik qeyd edib ki, Türkiyənin əsas məqsədi problemlərin xarici güclərin təsiri altında deyil, regional mexanizmlər və birbaşa dialoq vasitəsilə həll edilməsini dəstəkləməkdir:

“Sülh sazişinin imzalanması və kommunikasiyaların açılması Türkiyənin Orta Asiya və Türk dünyası ilə quru bağlantısını daha da gücləndirəcək, Ankaranın Avrasiya geosiyasi məkanındakı rolunu artıracaq. Regional sabitlik Türkiyənin sərhəd bölgələrinin iqtisadi inkişafına, eyni zamanda Cənubi Qafqazın Avropa ilə Asiya arasında mühüm ticarət və logistika mərkəzinə çevrilməsinə zəmin yaradacaq”.

H.Oktay əlavə edib ki, bu üç istiqamətin eyni vaxtda Milli Təhlükəsizlik Şurasının gündəliyində yer alması Türkiyənin çoxşaxəli və proaktiv təhlükəsizlik strategiyasını nümayiş etdirir:

“Cənubi Qafqaz həm şimalda davam edən Rusiya-Ukrayna müharibəsinin, həm də cənubdakı ABŞ-İran qarşıdurmasının təsirlərinə açıq olan geostrateji məkan hesab olunur. Ankara bu prosesləri ayrı-ayrı böhranlar kimi deyil, bir-birinə təsir edən vahid təhlükəsizlik sisteminin tərkib hissəsi kimi qiymətləndirir. Türkiyə həm Vaşinqton-Tehran xəttində mümkün eskalasiyanın Cənubi Qafqaza təsirlərini, həm də Ukrayna müharibəsinin Qara dəniz və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında yaratdığı qeyri-müəyyənlikləri öncədən idarə etməyə çalışır. Ankara bu böhranlar fonunda qlobal güclərin birtərəfli təzyiqlərindən kənar, öz milli maraqlarına əsaslanan, regionda və ətraf coğrafiyada müstəqil siyasət yürüdən təhlükəsizlik aktoru kimi çıxış etdiyini nümayiş etdirir”.