TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH

  • “İrəvan anlamalıdır ki, yekun sülh müqaviləsi imzalanmadan problemləri həll olunmayacaq”

Ermənistan parlamentinin TRIPP nəqliyyat marşrutu ilə bağlı sazişi ratifikasiya etməsi regionda nəqliyyat kommunikasiyalarının açılması və Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişafı baxımından diqqətçəkən hadisədir. Sazişin parlamentdə səsverməyə çıxarılaraq qəbul edilməsi layihənin reallaşdırılması istiqamətində mühüm mərhələ hesab olunur. Bununla belə, sənədin ratifikasiyası ilə yanaşı, layihənin praktiki icrasının hansı mərhələdə və hansı şərtlər çərçivəsində həyata keçiriləcəyi, eləcə də prosesin regionda davam edən sülh gündəliyinə necə təsir göstərəcəyi xüsusi əhəmiyyət daşıyır. TRIPP layihəsi təkcə nəqliyyat əlaqələrinin bərpası baxımından deyil, həm də regionda iqtisadi əməkdaşlığın genişləndirilməsi, yeni tranzit imkanlarının yaradılması və tərəflər arasında qarşılıqlı maraqların formalaşdırılması kontekstində diqqət mərkəzindədir. Layihənin həyata keçirilməsi regional nəqliyyat marşrutlarının şaxələndirilməsinə, Şərq ilə Qərb arasında əlaqələrin gücləndirilməsinə və Cənubi Qafqazın tranzit potensialının artırılmasına imkan yarada bilər. Bu baxımdan, TRIPP-in gələcək taleyi yalnız Ermənistan və Azərbaycanın deyil, daha geniş regional və beynəlxalq aktorların da maraqları ilə əlaqələndirilir. Diqqətçəkən məqamlardan biri isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın layihənin Azərbaycanla sülh müqaviləsi imzalanmazdan əvvəl də həyata keçirilə biləcəyinə dair açıqlamasıdır. Bu yanaşma nəqliyyat və iqtisadi əməkdaşlıq təşəbbüslərinin siyasi dialoqla paralel şəkildə irəlilədilməsi ehtimalını gündəmə gətirir. Eyni zamanda, Mirzoyanın TRIPP və digər birgə təşəbbüslərin reallaşdırılmasının özlüyündə sülh müqaviləsinin imzalanmasına töhfə verə biləcəyini istisna etməməsi iqtisadi əlaqələrin normallaşma prosesindəki mümkün rolunu ön plana çıxarır.

Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, TRIPP layihəsinin hüquqi cəhətdən təsdiqlənməsi və icrasına başlanması, əlbəttə, sülh prosesinə təsir edən ciddi amillərdən biridir:

“Çünki əslində, bu nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı TRIPP layihəsi böyük sülh prosesinin tərkib hissəsi olaraq düşünülür. 2025-ci il avqustun 28-də ABŞ-da Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh anlaşmasının tərkib hissəsi kimi TRIPP layihəsi də nəzərdə tutulur. Bu layihənin həyata keçirilməsi dolayısı ilə bütün nəqliyyat kommunikasiyalarının açılması, eyni zamanda, münaqişə tərəfləri olan Azərbaycan və Ermənistanın bu prosesdə bilavasitə iştirakı və ABŞ-ın prosesdə iştirakı ilə regionda ciddi şəkildə mövcudluğunu təmin etməsi anlamına gəlir. Bu da ABŞ-ın sülh prosesində zəmanətçi və iştirakçı tərəf kimi çıxış etməsi deməkdir. O baxımdan, əlbəttə ki, TRIPP layihəsi stimullaşdırıcı amildir. Təbii ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bu layihə vasitəsilə birləşərsə, gediş-gəliş, o cümlədən qlobal ticarət yüklərinin daşınması Azərbaycan və Ermənistanın maraqları kontekstində baş verərsə, bu, sülh prosesinə əlavə töhfə verəcək ciddi bir amil olacaq.Bu kontesdə, bəli, TRIPP layihəsinin icrası sülhə aparan yol və ona töhfə verən amildir. Düşünürəm ki, bu proses inkişaf etdikcə, münasibətlərdəki buzlar da tədricən əriməyə başlayacaq”.

Analitik qeyd edib ki, Türk dünyası bu məsələdə maraqlıdır:

“TRIPP Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın strateji əhəmiyyətini artıran bir layihədir. Əgər əvvəllər Qərbə çıxış sadəcə Gürcüstan üzərindən təmin olunurdusa, artıq alternativlər yaradılır. Eyni zamanda, bu nəqliyyat kommunikasiyası ilə yanaşı, enerji infrastrukturlarının, neft və qaz xətlərinin çəkilişi də perspektivdə nəzərdə tutulur. Bütün bunlar Azərbaycan və Ermənistanın maraqları çərçivəsində baş verəcək hadisələrdir. Ona görə də əməkdaşlıq gücləndikcə, sülhə aparan yol daha da qısalır. Ancaq, əlbəttə ki, sülh prosesinin yekunlaşması üçün olmazsa-olmaz məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Ermənistan rəhbərliyi də bunu anlayır və yaxın aylarda Konstitusiyanın yeni mətninin ictimai müzakirəyə çıxarılacağını vəd edir”.

Politoloq əlavə edib ki, TRIPP layihəsinin təsdiq olunması və inşasının başlaması Ermənistan üçün əlavə bəhanə yeri yaratmamalıdır:

“Çünki bütün bunların hamısı bilavasitə sülhə töhfə verən prosesin tərkib hissəsi kimi dəyərləndirilir. Ancaq Ermənistan anlamalıdır ki, yekun sülh müqaviləsi imzalanmadan Ermənistanın problemləri də tam həll olunmayacaq. Söhbət Türkiyə ilə sərhədlərin açılması, avtomobil və dəmir yollarının istifadəyə verilməsi, eləcə də Ermənistanın indiki iqtisadi blokadası kontekstində öz ixrac məhsullarını Avropa bazarlarına çıxarması kimi ciddi problemlərdən gedir. Ermənistan anlamalıdır ki, bütün bunların hamısı yekun sülh müqaviləsinin imzalanmasından keçir. Buna görə də yeni konstitusiyanın qəbulu və ərazi iddialarının tamamilə konstitusiyadan çıxarılması prosesinin nə qədər tez başa çatması Ermənistanın xeyrinə olan məsələdir. Ona görə də TRIPP layihəsini yekun sülh müqaviləsinin imzalanması ilə açıq şəkildə bağlamaq doğru olmaz”.