Rusiya Federasiya Şurasının İrkutsk vilayətindən olan üzvü Vyaçeslav Marxayev "REN TV" telekanalının müxbirinə hücum etməsi ilə bağlı ittihamlara cavab verib.
"TASS" xəbər verir ki, senator telejurnalistlərin qeyri-qanuni addımlarının qarşısını aldığını söyləyib: "Onlar ədəbsizəsinə öz aparaturaları ilə gözümüzə soxulurdular. O qızı qolundan tutub saxlayan olmayıb, sadəcə, onu kənarlaşdırıblar, vəssalam. Belələri təxribat yaradır, çalışırlar ki, bu cür hadisələri fövqəladə xəbər kimi qələmə versinlər. Biabırçılıqdır".
Marxayev əlavə edib ki, jurnalistlərdən belə reaksiya gözləyirmiş. O, "REN TV"nin ittihamlarına da cavab verəcəyini də bildirib.
"REN TV" telekanalının verdiyi xəbərə görə, çəkiliş qrupu Marxayevə seçiçilərlə görüş zamanı yaxınlaşıb. Rusiya Kommunist Partiyasını təmsil edən senatorun Ulan-Udedəki gizli qumar biznezinə aidiyyatının olub-olmaması barədə sualdan sonra siyasətçi telekanalın müxbiri Yelena Mogilyevskayanın mikrofon olan qolundan tutub, onu burmağa başlayıb. Senatorun köməkçiləri operatoru itələyərək, ona çəkilş aparmağa mane olublar. Nəticədə operator xəsarət alıb, müxbirin isə qolu şişib.