"Linlin" qasırğası Şimali Koreyada 5 nəfərin ölümünə səbəb olub


"Linlin" qasırğası Şimali Koreyada 5 nəfərin ölməsinə, 3 nəfərin xəsarət almasına səbəb olub.

APA-nın xəbərinə görə, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

 Dünən yerli vaxtla saat 14.00-da Şimali Koreyanı vuran qasırğa bazar günü gecə saatlarına qədər davam edib. Ölkə ərazisində 460 ev və 15 inzibati bina ya tam, ya da qismən dağılıb. "Linlin" qasırğası 46,2 min hektar ərazidə kənd təsərrüfatı məhsullarının məhv olmasına, su altında qalmasına da yol açıb.

Qeyd edək ki, bundan əvvəl "Linlin" qasırğasının Cənubi Koreyada da 3 nəfərin ölümünə səbəb olduğu açıqlanıb. Yerli aviaşirkətlər 150-i beynəlxalq olmaqla, 270 reysi təxirə salıb. Küləyin sürəti saniyədə 54 metrə (saatda 195 kilometr) çatır.