“...Neftin qiyməti 100 dollar və daha yüksək ola bilər” - ABŞ-İran qarşıdurmasına görə..



“ABŞ-İran qarşıdurması neftin bahalaşmasına səbəb oldu. Neftin bahalaşması Avropa neft idxalçısı olan ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyəcək”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.

Analitik bildirib ki, dünyanın ən böyük neft idxalatçısı olan Çində də inflyasiyanın yüksəlməsi mümkündür: 

“Lakin Pekin İrandan neft almaqla bunu tənzimləyə və bu zaman Vaşinqtonun sanksiyalarına önəm verməyə bilər. Digər tərəfdən, neft gəlirlərinin artması neft ölkələrinin iqtisadiyyatına müsbət təsir göstərəcək. Lakin indi hər kəsi Səudiyyənin husilərə, dolayısı yolla İrana verəcəyi cavabın nədən ibarət olacağı düşündürür.  


Husilər hücumun səbəbi kimi Səudiyyə Ərəbistanının Yəməni mütəmadi bombalamasını və bu zaman mülki insanların ölməsini göstərirlər. 

Ər-Riyad isə bildirir ki, bu hücumları ona görə təşkil edir ki, qonşuluğundakı dövlət İranla müttəfiq olan husilərin əlinə keçməsin. Beləliklə, vəziyyət gərginləşməyə doğru gedir. İki neft emalı zavoduna hücum Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsi ilə nəticələnə bilər. Buna cavab olaraq da İranın husilərə dəstəyini artırması və öz ordusunu bu ərazilərə yeritməsi gözləniləndir. Faktiki İran və Səudiyyə Ərəbistanı Yəməndə nüfuz uğrunda açıq savaş aparır”. 

Politoloqun sözlərinə görə, neft emalı zavodlarının vurulması nəticəsində bu savaş geniş miqyas ala bilər: 

“Vaşinqtonda şübhə etmirlər ki, hücumun arxasında İran dayanır. ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazdığı son statusda Amerikanın İranı vuracağını istisna etməyib. Ekspertlər əmindirlər ki, belə vəziyyət bir neçə gündən sonra işinə başlayacaq  BMT Baş Assambleyasında ABŞ və İran prezidentlərinin görüşü perspektivini də azaldır.

İstənilən halda, Səudiyyə hakimiyyəti üçün “Yəmən problemi”ni qısa zamanda həll etmək lazım gələcək. Belə ki, əsasən şiələrdən ibarət şərq əyaləti olan Əş-Şərkiya çoxdandır ki, Ər-Riyadın əsas probleminə çevrilib. Krallığın əsas neft ehtiyatı məhz bu ərazidədir. Onu da unutmaq olmaz ki, Əs-Şərkiya Nəcran vilayəti ilə sərhəddədir. Səudiyyə Ərəbistanının cənubunda, Yəmənlə sərhəd olan Nəcran vilayəti bu ölkədən ayrılmaq haqda qərarını açıqlayıb. Bu ərazilərdə yeni savaş Krallıq üçün problem yaşatmaqla yanaşı, neftin qiymətinə də birbaşa təsir göstərə bilər”. 

Siyasi şərhçi vurğulayıb ki, mövcud amilləri nəzərə alan ekspertlər düşünürlər ki, bu ilin sonuna qədər neftin qiyməti 100 dollar ola və daha da yüksəyə bilər: 

“Enerjiyə olan ehtiyacın artması bundan əvvəlki böhranda neftin qiymətlərini və inflyasiyanı artırıb dünya iqtisadiyyatının inkişafının ləngiməsinə səbəb olmuşdu. Görünən budur ki, artıq dünyada növbəti böhran yetişməkdədir.  ABŞ bunun qarşısını almaq üçün İranla barışığa getməyə məhkumdur”.