Suriyada Fərat çayının şərqində qurulması planlanan Təhlükəsiz Bölgə üçün danışıqlar və hərbi hazırlıqlar getdiyi zamanda Azad Suriya Ordusu Milli Ordu adı altında birləşdiyini bəyan edib.
Lent.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir. Məlumata görə, “Fərat Qalxanı Hərəkatı”, “Zeytun Budağı Hərəkatı” və İdlibdə döyüşmüş Azad Suriya Ordusu Suriya (Milli Ordu) Müvəqqəti Hökumətinin Müdafiə Nazirliyinə tabedir. 50 minlik heyətdən ibarət olan Milli Ordu Fərat çayının şərqində qurulacaq Təhlükəsiz Bölgə üçün Türkiyə ilə birgə mübarizə aparacaq.
Suriya Müvəqqəti Hökumətinin baş naziri Əbdürrəhman Mustafa, Müdafiə naziri və Qərargah rəisi general Səlim İdris, Milli Ordunun digər komandanları ilə birgə Şanlıurfada mətbuat konfransı keçirib. Əbdürrəhman Mustafa, ilk hədəflərinin Türkiyə ilə birgə Fərat çayının şərqində əməliyyatlar keçirmək olduğunu açıqlayıb. O, Təhlükəsiz Bölgənin idarəçiliyinin də Suriya Müvəqqəti Hökumətinə verilməsinin gərək olduğunu bildirib.