“Ukrayna ilə Rusiya arasındakı qarşıdurma uzun müddət davam edəcək”. Bunu Sherg.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Analitik bildirib ki, bu məsələ sadəcə iki ölkənin problemi deyil:
“Tərəflərin qarşıdurması NATO-Rusiya mübarizəsinə çevrilib. Moskva NATO-nun getdikcə onu çevrələdiyini və sərhədlərinə doğru sürətlə yaxınlaşdığını görür. Gürcüstan gələcəkdə hərbi alyansın üzvü olarsa, Rusiya Qara dənizdə də ciddi problemlərlə üzləşəcək. Ona görə də Kreml bütün gücü ilə çalışır ki, Ukraynanın şimal-şərqində öz təsir gücünü itirməsin. Məhz bu səbəbdən NATO-nun irəliləməsinə imkan vermir və Donbas problemini təzyiq mexanizmi olaraq Ukrayna üzərində saxlayır”.
Natiq Miri: “Qərblə Rusiya arasında konkret anlaşma olmayacağı təqdirdə Ukrayna problemi də həllini tapmayacaq”
Ekspertin sözlərinə görə, Qərblə Rusiya arasında konkret anlaşma olmayacağı təqdirdə Ukrayna problemi də həllini tapmayacaq:
“NATO-Rusiya qarşıdurması sadəcə Qara dənizdə deyil, Baltikyanı bölgədə də davam edir. Tərəflər arasında vasitəçilərin iştirakı ilə dəfələrlə görüş keçirilsə də Moskva-Kiyev münasibətləri hələ düzəlməyib. Bu xəmir çox su aparacaq. Problem Ukraynada kimin prezident olmağından asılı deyil. Rusiya çalışır ki, münaqişəni öz maraqları kontekstində həll etsin və Donbasa verilən status birbaşa Ukrayna konstitusiyasında təsdiq edilsin. Kiyev bunu heç vaxt qəbul edə bilməz, çünki bu, ölkənin parçalanmasına yol aça bilər. Onu da nəzərə alaq ki, Zelenski strateji məsələlərdə çox ehtiyatlı davranır və Rusiya ilə anlaşmalara getmir. Ona görə də Donbas məsələsi acı bağırsaq kimi uzanacaq”.