ABŞ-da həyəcan siqnalı: Kim Çenin “Yeni il hədiyyəsi” nədir?

ABŞ Şimali Koreya rəsmilərinin “Yeni il hədiyyəsi” adlandırdığı raket buraxılışı riski ilə bağlı bu ölkəni yaxından təqibə başlayıb.

CNN nəşri Şimali Koreya rəhbərliyinə yaxın mənbəyə istinadən qeyd edir ki, Pxenyan hökuməti Donald Trampın impiçment prosesi müzakirələri ilə bağlı müdafiəsiz olduğunu düşünərək nüvəsizləşdirmə danışıqları ətrafında sərt siyasət yürütməyi planlaşdırır.

Adı açıqlanmayan mənbə sözügedən yeni siyasət xəttinin Vaşinqtonla müzakirə masasından qalxmaq və nüvə dövləti statusunu gücləndirmək düşüncələrinin əksi olduğunu qeyd edib. Mənbə bununla yanaşı Şimali Koreya lideri Kim Çen İnin “gözlə və gör” siyasətini mənimsədiyini, bunun kökündə Trampın impiçment prosesi və yaxınlaşan 2020-ci il prezident seçkiləri səbəbilə siyasi cəhətdən müdafiəsiz qalması düşüncəsinin dayandığını bildirib.

Xatırladaq ki, Şimali Koreya rəhbərliyi dekabr ayının əvvəlində Tramp administrasiyasınının danışıqlar prosesi ilə bağlı vaxtının artıq tükənməkdə olduğunu qeyd etmişdi. Rəsmi Pxenyan həmçinin, “hansı Yeni il hədiyyəsini istədiklərini seçə bilərlər” açıqlaması ilə Ağ Evi təhdid etmişdi.

Ekspertlər “Yeni il hədiyyəsi”nin müasir raket buraxılışı və ya peyk testi ola biləcəyini düşünürlər.