Tramp Türkiyəyə görə Senata qarşı çıxdı - Gizli məktubun detalları

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp administrasiyası Rusiya ilə "S-400" müqaviləsi bağladığına görə Türkiyəyə sanksiya tətbiq olunmasını nəzərdə tutan qanun layihəsinə qarşı çıxıb və bununla bağlı senatorlara məktub göndərib. Bu barədə Sputnik Azərbaycan "The Daily Beast" nəşrinə istinadən xəbər verir.

Məlumata əsasən, Tramp administrasiyası Senat tərəfindən təsdiqlənməsi gözlənən qanun layihəsi ilə bağlı senatorlara 7 səhifəlik məktub göndərib.

Məktubda qeyd olunur ki, bu qanun layihəsi təsdiqlənəcəyi təqdirdə Türkiyə-ABŞ arasında müdafiə sahəsində ticarət tamamilə sona çatacaq: "Belə bir qanun layihəsi Türkiyə-Rusiya münasibətlərini daha da inkişaf etdirəcək və Türkiyəni yeni silahlarla bağlı digər düşmən silah tədarükçülərinə yönəldə bilər. Bu qanun layihəsi eyni zamanda Türkiyəni NATO-dan kənarlaşdırmaq kimi də qəbul oluna bilər".

Digər tərəfdən, ABŞ Dövlət Departamentindəki mənbə "The Daily Beast"-ə açıqlamasında ABŞ rəhbərliyinin NATO ilə möhkəm münasibətləri saxlamaq istədiyini bildirib: "NATO, 70 ildir üzv olan Türkiyə ilə daha güclüdür. Türkiyə, NATO-nun birgə təhlükəsizliyinə önəmli töhfə verir".

Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində "S-400" tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni "F-35" tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.

Qeyd edək ki, bu il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd "S-400" divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır.