“Kanal İstanbul” və Xaftar: Türkiyə gündəmini 2 məsələ zəbt edib

“Türkiyə gündəmini hazırda iki sual ətrafında müzakirələr məşğul edib. Birinci məsələ “Türkiyənin Liviyaya əsgər göndərməsi, ikincisi isə “Kanal İstanbul”un inşa edilməsidir”. 

Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Analitik bildirib ki, Liviya hökuməti Türkiyədən hərbi dəstək istəyir, əks halda müxalif general Xaftar paytaxt Tripolini ələ keçirəcək: 

“Xaftarı rəsmi və qeyri-rəsmi dəstəkləyən dövlətlər var. Xaftar Liviyanın tamamına nəzarəti əlinə keçirsə, bu dövlət bölgədə formalaşan anti-Türkiyə blokuna qoşulacaq. Buna görə də Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Liviyaya əsgər göndərməkdə tələsir. Müxalifət Cumhuriyyət Xalq Partiyası isə bunun əleyhinədir. “Biz Liviyanın daxili işlərinə qarışmamalıyıq” prinsipindən çıxış edən CHP-yə Ərdoğan belə cavab verib ki, vaxtilə böyük Atatürk də Liviyada xidmət keçib. Ancaq Atatürk Osmanlı imperiyasının dövründə Liviyada xidmət keçib, Cumhuriyyət qurulduqdan sonra xarici və təhlükəsizlik siyasəti dəyişib”. 



Politoloq: “Liviya hökuməti Türkiyədən hərbi dəstək istəyir. Əks halda Xaftar Tripolini ələ keçirəcək”


Siyasi şərhçi “Kanal İstanbul”  ideyasının da prezident  Ərdoğana məxsus olduğunu söyləyib: 

“Yeni kanal Bosfor və Dardanel boğazlarının yükünü azaltmalıdır. Kanalın ətrafında yaşayış yerləri də tikiləcək. Buna qarşı da güclü müxalif fikir formalaşır. Birincisi, deyirlər ki, iqtisadi durum Türkiyəyə meqa layihəyə böyük xərclər sərf etməyə imkan vermir. İkincisi, yenal kanalın ekoloji zərərləri hesablanmayıb. Üçüncüsü, Süveyş və Panama kanallarından fərqli olaraq “Kanal İstanbul” gəmilər üçün məsafəni qısaltmayacaq. İstanbulun bələdiyyə başçısı Əkrəm İmamoğlu da yeni kanal tikintisinin əleyhinədir. Ərdoğan isə ona bu cür cavab verib: “Bu bələdiyyə deyil, dövlət layihəsidir”. Yəni Ərdoğan İmamoğluna demək istəyir ki, başından böyük işlərlə məşğul olma! Belə görünür ki, Ərdoğan həm Liviyaya əsgər göndərmək, həm də “Kanal İstanbul” məsələsində haqlı olduğunu sübut etmək məcburiyyətindədir. Çünki, Liviyada Xaftar hərbi əməliyyatlarını uğurla davam etdirərsə və bu zaman Türkiyə hərbçiləri arasında itkilər olarsa, Türkiyə cəmiyyətində sualların sayı artacaq”.