...Türk hərbiçiləri ilə üz-üzə gəlməlidir
Rusiyanın paytaxtı Moskvada keçirilən və dünyanın diqqət mərkəzində olan 8 saatlıq Liviya müzakirəsindən müsbət nəticə çıxmayıb. Rusiya və Türkiyə rəsmiləri tərəfindən atəşkəs üçün hazırlanan sənədə üsyançı general Xəlifə Xaftar imza atmayıb və fikirləşmək üçün müddət istəyərək, tələsik Rusiyanı tərk edib. Lakin Milli Həmrəylik Hökumətinin baş naziri Faiz əs-Sərrac atəşkəs sənədini imzalayıb. Məlumdur ki, Xaftar beynəlxalq nəzarət qüvvələrinin Türkiyənin iştirakı olmadan formalaşdırılmasını tələb edirdi. Bununla yanaşı general Liviya milli Ordusunun tələblərinin görməzdən gəlindiyini düşünür, öz ordusunun Tripolidə yerləşdirilməsini istəyirdi. Xaftar ona təklif edilən variantda Liviya ordusunun bəzi tələblərinin nəzərə alınmadığını söyləyib və gecə vaxtı Moskvadan qaçmasını bununla izah edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sənədə imza atmayan üsyançı generalın dərsinin veriləcəyini söyləyib. Ərdoğan deyib ki, Liviya xəritə üzərində uzaq yer kimi görünə bilər, amma türklər üçün əsla yad yer deyil: “Barbarosun yadigarı Liviya Osmanlının bir hissəsi olub. Liviya və Liviya xalqı ilə dərin sosial əlaqələrimiz var. Bunun üçün Liviyada baş verənlərə laqeyd qala bilmərik.
Kimsə bizdən liviyalı qardaşlarımıza kürəyimizi çevirməyimizi gözləyə bilməz. Liviyanı qana bulayanlar eyni zamanda ölkəmizə qarşı da kinlərini nümayiş etdirir. Bu ölkədə qiyamçı Xaftara tabe olmayan ərəb qardaşlarımız var. Xaftar onları da məhv etmək istəyir. Liviyada Xaftarın etnik təmizlik apardığı və sayı bir milyon nəfəri keçən türklər də var. Bu ölkədə bütün qardaşlarımıza qarşı tarixi məsuliyyətimizin də fərqindəyik. Onlar keçmişdə ən çətin günlərimizdə yanımızda oldular. Bizim də onların yanında olmamız lazımdır”.
“Düşünürəm ki, gec-tez Xaftar Rusiyanın təkidi ilə masa arxasına oturacaq”
Baş tutmayan Moskva görüşünün nəticələrini “Şərq”ə şərh edən politoloq Əhəd Məmmədli deyib ki, liviyalı üsyançı general Xaftarın Moskvadan qəfil geri dönməsi gözlənilməz oldu. Analitik bildirib ki, Xaftar bu hərəkəti ilə ona cavabdeh olan Moskvanı pis vəziyyətdə qoydu:
“Moskva bəyanat verdi ki, general bir-iki məsələyə düzəlişdən sonra təkrar danışıqlar masasına oturacaq. Görünür, Kreml üsyançı generalın təəccüb doğuran hərəkətini ört-basdır etməyə çalışır. Ancaq Türkiyə buna çox sərt reaksiya verdi. Əslində, Xaftarın iki seçimi var, ya müzakirələri davam etdirməli və atəşkəsi imzalamalıdır, ya da türk hərbiçiləri ilə üz-üzə gəlməlidir. Başqa yolu yoxdur. Düşünürəm ki, gec-tez Xaftar Rusiyanın təkidi ilə Liviyanın milli hökumətinin rəhbəri ilə masa arxasına oturacaq. Əks halda Liviya Suriyanın gününə düşə bilər. Bu da nəinki Xaftar, ümumiyyətlə, Liviya xalqı üçün arzuolunmaz nəticələr doğurar”.