Fransa Prezidenti Emmanuel Makron dünya Holokost Forumunda iştirak etmək üçün İsrailə səfər edib. Xarici mətbuat xəbər verir ki, Fransa liderinin Qüds şəhərində “Osmanlı hədiyyəsi” olan Fransız kilsəsi qarşısında İsrail polisinə qışqıraraq “bayıra çıx” deməsi, sosial medianın gündəmini zəbt edib.
Fransa liderinin qəzəbinə səbəb olan isə prezidentin Fransız kilsəsində İsrail təhlükəsizlik qüvvələri ilə qarşılaşması olub.
Yayımlanan görüntülərdə Fransa prezidentinin ingilis dilində danışdığı və əsəbi halda polisə qışqırdığı əks olunur: “Hər kəs qaydaları çox yaxşı bilir. Mən sizin hərəkətlərinizi bəyənmirəm. Xahiş edirəm, buradan ayrılın”.
Fransa lideri İsraildən sonra Fələstinə səfər edib və Qüdsdəki “Müqəddəs Məscidül-Əqsa” məscidini ziyarət edib.
Fələstin dövlət başçısı Mahmud Abbasla da görüşən Makron Paris rəhbərliyinin iki dövlət arasındakı münaqişədə həll yolunu dəstəklədiklərini təkrarlayıb və Fələstin xalqına dəstəklərini davam etdirəcəklərini qeyd edib.
Qeyd edək ki, Makron İsrail təhlükəsizlik qüvvələri ilə “Müqəddəs Anna” kilsəsində mübahisə edən ilk Fransa prezidenti deyil. 1996-cı ildə Fransanın keçmiş prezidenti Jak Şirak da “Müqəddəs Anna” kilsəsi qarşısında əsəblərinə hakim ola bilməmiş və İsrail təhlükəsizlik qüvvələrinin davranışlarını “təxribat” olaraq xarakterizə etmişdi.
Onu da əlavə edək ki, “Müqəddəs Anna” Kilsəsi 19-cu əsrdə Kırım müharibəsindən sonra Osmanlı imperatoru I Abdulməcid tərəfindən Fransa imperatoru Napoleona hədiyyə edilib.