Qarşıduran tərəflər hərbçilər arasında yaşanan toqquşmalara görə bir-birlərini suçlayırlar
Rusiya silahlı qüvvələrinin Suriydakı koordinaiya mərkəzinin rəisi, general-mayor Yakov Rezantsev bu ilin fevral ayının 12-də ABŞ əsgərləri ilə yerli əhali arasında çıxan insidentə görə qarşı tərəfi, yəni amerikalıları suçlayıb.
"Kommersant" qəzetinin verdiyi məlumata görə, rus general hadisənin Beynəlxalq antiterror koalisiyasının tərkibində xidmət göstərən hərbi qulluqçuların qeyri-qanuni hərəkətlərinin səbəb olduğunu bildirib.
Xatırladaq ki, bəhs olunan tarixdə Suriyanın şimalındakı Haseke əyalətində Amerika əsgərlərinin mülki əhaliyə atəş açdığı, nəticədə 1 azyaşlı uşağın həlak olduğu barədə xəbərlər çıxıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, general Rezantsev amerikalı hərbçilərin planlaşdırılmış marşrutdan 3,5 kilometr uzaqlaşaraq mülki insanların yaşadığı məntəqənin içindən keçmək istədiklərini, bununla da yerli sakinlərdə qəzəb doğurduqlarını qeyd edib: "Maşınlardan biri yolda ilişib qalıb. Digəri isə sıradan çıxıb. Amerikalılara etiraz etmək üçün maşın karvanının ətrafına gəlmək istəyən əhaliyə isə atəş açılıb. Hələ onların bəxti gətirib ki, qəsəbənin dərinliklərinə doğru irəliləməyiblər".
Onun sözlərinə görə, amerikalılar qurtulmaq üçün Rusiya əsgərlərindən yardım istəyiblər. Hadisə yerinə gələn rus hərbçiləri isə münaqişəni yatırıblar. Lakin ABŞ tərəfi Rusiya ordusunu bu cür hadisələrə şərait yaratmaqda günahlandırır.
"The New York Times" qəzetinin yazdığına görə, rus əsgərlər əldə olunan razılaşmalara əsasən müəyyən edilən ara məsafəni pozaraq bölgədə təhlükəsizliyi həyata keçirən ABŞ ordusuna məxsus avtomobillərlə tez-tez toqquşurlar. Rusiya helikopterləri isə amerikalı əsgərlərin mövqelərinə təhlükəli dərəcədə yaxınlaşırlar.
ABŞ generalı Rezantsevin əksinə, insident zamanı ABŞ əsgərlərinə hücum etmək istəyənlərin sadə vətəndaşlar deyil, Əsəd ordusunun hərbi qulluqçuları olduğunu bildirir.
"Biz onların təzyiq metodlarına əl atmaq istədiklərini bilirik. Rusiya bundan sonra da Suriyanın şimal-şərqində ABŞ və onun müttəfiqlərinin nəzarət etdiyi rayonlarda üstünlük qurmaq cəhdlərindən əl çəkməyəcək", - deyə ABŞ ordusunun Xüsusi əməliyyat qüvvələrinin komandan müavini, vitse-admiral Tim Şimanski qəzetə söyləyib.