Donald Tramp miqrasiyanı dayandırmaq barədə fərman imzalayıb


Prezident Donald Tramp aprelin 22-də miqrantlar üçün ABŞ sərhədlərinin müvəqqəti bağlanması haqqında fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Tramp bu barədə koronavirusa qarşı mübarizə üzrə Ağ evin hədəf qrupunun brifinqində bəyan edib. Prezident bildirib ki, miqrasiyanın müvəqqəti dondurulması amerikalılar üçün iş yerlərini qorumaq məqsədi daşıyır. Son üç həftə ərzində 18 milyon amerikalı işsizlik müavinəti almaq üçün müraciət edib.

Brifinq zamanı Tramp qadağanın 60 gün qüvvədə qalacağını və bundan sonra zərurət yaranarsa, həmin müddətin uzadılması barədə düşünəcəyini deyib. Fərmanın yalnız ABŞ-da daimi yaşamaq icazəsi almaq istəyən miqrantlara aid olduğunu vurğulayan Prezident, yeni qaydaların Birləşmiş Ştatlarıa əsasən Latın Amerikası ölkələrindən gələn mövsümi kənd təsərrüfatı işçilərinə qarşı tətbiq edilməyəcəyini bildirib. Həmçinin qeyd edilib ki, bu qaydalar məhz ABŞ-ın hüdudlarından kənarda olan və Fərmanın imzalandığı günədək miqrasiya vizasını almayan miqrantlara şamil edilir. Bununla yanaşı, yeni qaydalar qrin-kart statusu olanlara, habelə tibb işçilərinə, yaxud ölkəyə xarici investorlar tərəfindən verilən ABŞ miqrasiya vizasını almaqdan ötrü “EB-5 Immigrant Investor Program” çərçivəsində gəlmək istəyənlərə şamil edilməyəcək.

Bu qərarın, nəticələri 2020-ci il mayın əvvəlində elan olunacaq “DV 2021” qrin-kart lotereya oyununa necə təsir edəcəyi hələlik məlum deyil.