Saakaşvili Gürcüstandan Ukraynaya komanda gətirməyəcək


Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukrayna lideri Vladimir Zelenskinin ona ölkənin Baş nazirinin müavini vəzifəsini təklif etməsinə münasibət bildirib.

“Ukrayna 24” telekanalına müsahibə verən M.Saakaşvili Pyotr Poroşenkonun prezidentliyi dövründə qubernator vəzifəsini tutduğu zaman olduğu kimi, Gürcüstandan özü ilə komanda gətirməyəcəyinə söz verib:

“Düşünürəm ki, parlamentdə həyatda öz yerlərini və rollarını tapmış kifayət qədər ukraynalı var. (...) Ali Radada nə qədər maraqlı parlament üzvlərinin oturduğunu bilirsinizmi?”

Siyasətçi, eyni zamanda, şou göstərəcək yaşda olmadığını da deyib.

O, bir müddət sonra, əvvəllər P.Poroşenko ilə mübahisə etdiyi kimi, V.Zelenski ilə mübahisə edəcəyi ehtimalını “tam cəfəngiyyat” adlandırıb.

M.Saakaşvili Ukrayna dövlət başçısının cəsarətli adam olduğunu vurğulayıb:

“Heç kim mənim ona qarşı çıxacağıma ümid etməsin”.