ABŞ-ı  “barıt çəlləyi”nə çevirən SƏBƏBLƏR... - AKTUAL ŞƏRH 

“Amerikada işsizlərin sayı getdikcə artır. Bunların hamısı qığılcım rolunu oynadı”

“Etiraz aksiyaları Tramp üçün çətindir və onun reytinqinə mənfi təsir edir”




Amerikada etiraz aksiyaları davam edir. Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ilə başlayan etirazlar ölkə üzrə iğtişaşlarla nəticələnib.
İğtişaşlar ölkənin digər şəhərlərinə də yayılıb. Minneapolisdə etirazların növbəti günündə bir nəfər aldığı güllə yarasından ölüb. Belə ki, lombard sahibinin mağazalara hücum etməyə başlayan etirazçıların aqressiv davranışlarına görə atəş açdığı məlum olub. Yaralı xəstəxanada ölüb. Yaralıların olduğu bildirilir.
Qaradərili insanlara yönəlik zorakılığa qarşı çıxan “Black Lives Matter” hərəkatının tərəfdarları Los-Ancelesdə toplanıblar. Dinc şəkildə başlayan etiraz mitinqi daha sonra iğtişaşlara çevrilib. Ardınca şəhərdə polislə ciddi qarşıdurma baş verib, etirazçıların bir qrupu şəhər polis idarəsinə aparılıb.

Aksiyalarla bağlı “Sherg.az”a danışan “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirib ki, artıq 4-5 ildir Amerikada belə aksiyalar baş verir.
Analitik qeyd edib ki, aksiyaların əsas səbəblərindən biri ölkədəki sosial və iqtisadi vəziyyətdir:

“Hansısa irqi ayrı-seçkilik zəminində işgəncələr tətbiq edilir. Son hadisə pik nöqtə oldu, həm də bu hadisələrin geniş vüsət almasında yəqin, koronavirus epidemiyasının mənfi rolu olub. Çünki iqtisadi və sosial vəziyyət ağırdır. Amerikada işsizlərin sayı getdikcə artır. Bunların hamısı qığılcım rolunu oynadı. Hətta Avropa ölkələrində belə etirazlar oldu. Əlbəttə, etirazlar bir qədər səngiyəcək, amma bu o demək deyil ki, gələcəkdə oxşar hadisələr baş verməsin”. 



E.Şahinoğlu bildirib ki, etiraz aksiyaları Tramp üçün çətindir və onun reytinqinə mənfi təsir edir:

“Həmçinin epidemiyaya görə işsizlər olduğu üçün Trampın reytinqi aşağı düşüb. Tramp qətiyyətli addımlar atmalıdır. Çünki ilk gündən etirazlar edilir, yağmalamalar başlayıb, dükanlara hücum edirlər. Bütün bunlar cinayətdir. Ona görə Amerikada qarşıdurma hələ bir neçə gün davam edəcək. Yəqin ki, aksiyanın nəticələri noyabr ayında prezident seçkilərinə təsir göstərəcək”.