“ABŞ-ın sanksiyaları davam edəcək və İran Rusiya, Çin, Şərq bazarlarına üz tutacaq”
“BMT-nin İrana qarşı silah embarqosunun vaxtı bitsə belə, ABŞ Tehrana Rusiya və Çindən yeni qırıcılar almağa imkan verməyəcək”.
Bunu Amerikanın dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, əgər silah embarqosu oktyabrda bitsə, Tehran Rusiyanın “Su-30”, Çinin “J-10” kimi yeni qırıcılarını ala bilər: “İranda bu təyyarələr olsa, Avropa və Asiya onların hədəfi altına düşər. ABŞ buna heç vaxt imkan verməyəcək”.
Pompeonun iddialarını “Sherg.az”a şərh edən politoloq Turan Rzayev bildirib ki, hazırda güc balansı Qərbdən Şərqə doğru keçməkdədir. İstər silah istehsal edən ölkələrin timsalında, istərsə də siyasi sferada bu mənzərə aydın görünür.
Analitikin fikrincə, son illərdə Çinin və Rusiyanın xüsusilə silah sənayesində inkişafı və Çinin iqtisadi potensialının artması ilk növbədə ABŞ-ı narahat edir:
“ABŞ bu məsələdə Çin və Risiyaya təzyiqlər göstərir, iqtisadi embarqolara məruz qoyur. Bu yolla hər 2 ölkəni zəiflətməyə çalışır.
Onsuz da İrana qarşı uzun müddətdir iqtisadi və humanitar sanksiyalar tətbiq edilir. Hətta koronavirus pandemiyası zamanı belə bu təzyiqlər səngimədi. Belə demək mümkündürsə, Tehran bu sanksiyalara öyrəşib.
Məsələ ondadır ki, Amerikanın sanksiyaları hədəf aldıqları ölkələri tam mənası ilə çökdürə bilmir. Xatırladım ki, Vaşinqton silah embarqosu məsələsində Türkiyənin timsalında problemlə üzləşib. Türkiyə uzun müddətdir müttəfiqi ABŞ-dan “Patriot” raketlərini və “F-35” qırıcılarını almaq istəyirdi.
Vaşinqton bu texnikaları Ankaraya satmaqdan imtina etsə də, Türkiyə hava hücumundan müdafiə sistemlərini gücləndirmək niyyətindən vaz keçmədi. Nəticədə Rusiya ilə əməkdaşlığa sövq edildi və “S 400” raketlərinə sahib oldu. Hazırda bu texnikaların işlədilməsi üçün kadrlar Rusiyada təhsil alır.
Bundan əlavə Amerika Türkiyəni “F 35” proqramından da çıxartdı. Türkiyə bunun da alternativini tapdı və “Su 35” hərbi təyyarələrini alacağını bildirdi. Türkiyə və Rusiya silahların texnoloji inkişafı üçün birlikdə çalışmaq qərarı alıblar. Rusiyadan alınan silahlarla yanaşı, onların parametrləri də əldə olunur ki, ABŞ-la bunu etmək imkanı yox idi”.
T.Rzayevin fikrincə, əgər ABŞ-a müttəfiq olan Türkiyə bu addımları atmaq məcburiyyətində qalıbsa, o zaman Amerikaya düşmən mövqedə dayanan İran rahatlıqla Rusiya və Çinlə hərbi sahədə əməkdaşlıq edə bilər:
“Tehranın hər iki ölkə ilə əlaqələri yüksəkdir. İran neft və qazın böyük qismini Çinə satır. İranın alternativləri var. Düzdür, sanksiyalar ölkə iqtisadiyyatına təsir göstərir, daxildəki sabitliyi pozur. Lakin buna baxmayaraq, Tehran Rusiya və Çinlə silah ticarəti edə bilər. İranın dövlət büdcəsi Pompeonun bəhs etdiyi hərbi texnikaların satın alınmasını qarşılamaq gücündədir. O baxımdan ABŞ-ın bu sahədə sanksiya tətbiq etməsi İranın ziyanına olmayacaq. Əksinə, İran fərqli Rusiya və Çin bazarlarına yönələcək. Rusiya ilə müqayisədə Çinin hərbi sahədə təcrübəsi yenidir”.
Ekspert vurğulayıb ki, Avropa İran və Rusiya ilə münasibətlərin pozulmasında maraqlı deyil:
“Avropa ölkələrinin, xüsusən Almaniyanın Rusiya və İrandan enerji asıllığı var. İran məhz Rusiya bazarı vasitəsi ilə neft-qazını Avropa bazarına çıxarır. “İranın Avropa və Asiyanı hədəf alacağı” iddiası da inandırıcı deyil. Qərb mediası İranı bilərəkdən aqressiv formada təqdim edir. İran sadəcə Yaxın Şərq regionunda siyasi təsirə malik olub ki, hazırda bu təsirin azaldığını görürük. Tehranın Avropa və Asiyaya hansısa təzyiqi yalnız enerji məsələsində mümkündür. Ancaq bunu da etməyə ehtiyac yoxdur. Çünki cənub qonşumuzun iqtisadi vəziyyət heç də yaxşı deyil. Məncə, ABŞ-ın sanksiyaları davam edəcək və İran Rusiya, Çin, Şərq bazarlarına üz tutacaq”.