Suriya sammitindən gözləntilər böyükdür

“Türkiyə bu formatdan istədiyinə nail olmuş kimi görünür”



Rusiya Prezidenti Vladimir Putin, İran lideri Həsən Ruhani və Türkiyənin dövlət başçısı Rəcəb Tayyıb Ərdoğan Suriya məsələsi ilə bağlı videokonfrans formatında sammit keçirirlər.
Görüşə ev sahibliyi edən İran videokonfransı dövlət televiziyası ilə canlı yayımlayır.

Həsən Ruhaninin sözlərinə görə, İran, Rusiya və Türkiyə liderlərinin zirvə görüşü COVID-19 səbəbindən təxirə salınmalı idi və onlayn görüş Suriyada pandemiyanın başlamasından sonra bir çox hadisənin baş verməsi ilə bağlı keçirilir. Görüş iştirakçıları ABŞ-ın Suriyadakı hərəkətlərini tənqid ediblər.
İran prezidenti qeyd edib ki, ABŞ Suriyanın təbii sərvətlərindən istifadə edərək, terrorla mübarizə apardığını deyir.
Vladimir Putin bildirib ki, ABŞ-ın Suriyaya qarşı sanksiyaları qanunsuzdur, onlar Ərəb Respublikasının iqtisadiyyatına xələl gətirir və yalnız problem yaradır.



Politoloq  Əlimusa İbrahimov görüşü “Sherg.az” a şərh edib:

“Rəcəb Tayyip Ərdoğan, Vladimir Putin və Həsən Ruhaninin iştirakı ilə videokonfrans formasında həyata keçirilən Suriya sammiti başa çatdı. Tərəflər Sammit və burada əldə olunan nəticələr haqqında çox yüksək fikirdədirlər. Qeyd etmək lazımdır ki, Suriya probleminin həll edilməsi üçün  siyasi vasitələr axtarışı ilə məşğul olan  bu sammit sayca 6-cı idi. Əvvəlki görüşlər 2017-ci bildə başlamış və mütəmadi olaraq keçirilir. 6-cı sammit əslində mart ayında keçirilməli idi. Lakin COVİD-19 pandemiyasının tüğyan etdiyi zamana düşdüyü üçün mart ayında İranın paytaxtı Tehran şəhərində keçirilməsi nəzərdə tutulmuş  tədbir gerçəkləşdirilə bilmədi. Əvvəlki zirvələrin də əsas mövzusu Suriya olub. Bu görüşlərdə Suriyada gedən proseslər müzakirə edilib və gələcək yol xəritəsi müəyyənləşdirilib.

Bu dəfə də, heç şübhəsiz, əsas müzakirə mövzusu İdlib başda olmaqla Suriyadakı son hadisələr idi. Müzakirə olunacaq məsələlər içərisində  Suriyada Əsəd rejiminin konstitusiya dəyişikliyini ləngitməsindən yaranan narahatlıq da yer tutub. Bu arada Başər Əsədin hakimiyyətdən əl çəkərək Körfəz ölkələrinin birində sığınacaq alması haqqında xəbərlər də gəlməkdədir. Bu doğru olarsa Sammit iştirakçılarına daha ciddi qərarlar qəbul etməyə stimul verəcəyi proqnozlaşdırılırdı. Məlum olduğu kimi, 5 mart 2020-ci ildə Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edərək Prezident Putinlə geniş, əhatəli müzakirələr aparmışdı. Bu müzakirələrin Türkiyə üçün çox ağır keçməsi haqqında o zaman məlumatlar var idi. Sonrakı proseslərdə mart görüşünün Türkiyə üçün istənilən səviyyədə keçmədiyini göstərən əlamətlər müşahidə olundu. 

O, həmçinin 6-cı sammitin əhəmiyyəti haqqında danışıb:

“Sammitin keçirilməsi isə düşünürəm ki, Türkiyə üçün olduqca əlverişli vaxta təsadüf edir. Birincisi, koronavirusdan ziyan görən bu üç ölkə içərisində Türkiyə ən şanslısı hesab olunur. Onun bu virusla apardığı uğurlu mübarizə artıq ÜST tərəfindən nümunə kimi qiymətləndirilir. Amerikanın sanksiyalarını da bu virusun gətirdiyi problemlərə əlavə etsək İran və Rusiyanın vəziyyəti Türkiyəyə nisbətən ağırdır. İqtisadi vəziyyətin yüksək olması Suriya cəbhəsində də Türkiyəyə üstünlük verəcək. 

İkinci, Liviyada Türkiyənin uğurları onun Rusiya ilə danışıqlarında vəziyyətini yüngülləşdirəcək. Məlum olduğu kimi Rusiya burada Fransa, Səudiyyə Ərəbistanı və Misirlə birlikdə mövqelərini itirmiş durumdadırlar. Rusiya Suriyada Türkiyəyə müəyyən güzəştlər edərək bu güzəştlərin qarşılığını Liviyada alacaq. Üçüncü, Amerika Birləşmiş Ştatlarını ağuşuna alan pandemiya və Prezident seçkilərinin yaxınlaşması trampa  Yaxın Şərqdə əvvəllər olduğu kimi fəal müdaxilə etməyə imkan saxlamır. 

Ə.İbrahimov düşünür ki, Türkiyə bu sammitin keçirilməsində xüsusi rol sərgilədi:

“Bundan başqa, Amerikanın Türkiyəyə Liviyada fəaliyyət azadlığı verməsi haqqında informasiya aparıcı informasiya vasitələrinin mövzusu olmuşdu. Türkiyə prezidentinin görüşdən sonra bəyanatı dediyimizin əyani sübutudur. Türkiyə bu sammitdə istədiyinə nail olmuş kimi görünür. O öz tərəf-müqabillərini Suriyanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyinə inandıra bilib. Suriyanın parçalanmaması Türkiyə üçün həyati zərurət daşıyır. Elə İran da Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır və bu istiqamətdə birlikdə çalışırlar. Təbii ki, pandemiyanın ortaya çıxardığı çətinliklər də görüşdə müzakirə olunub.

Ölkə başçıları ölkələrinin bu sahədə əldə etdikləri təcrübəni bölüşərək bu COVİD-19-la bağlı Suriya xalqına yardım etmək istiqamətində tədbirlər görəcəklərini öhdəyə götürüblər”.