Liviyanın taleyi necə olacaq? – AKTUAL ŞƏRH 


    
“Milli Həmrəylik Hökumətinin Türkiyənin yaxından köməyi  ilə döyüşlərdə müvəffəqiyyət qazanması və qiyamçı general Xəlifə Haftarın qüvvələrini strateji nöqtələrdən uzaqlaşdırılmasından sonra Liviya cəbhəsində vəziyyət kökündən dəyişdi”.
Bu sözləri "Sherg.az" Liviyadakı məlum vəziyyətlə bağlı danışan BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib. 
 Ə.İbrahimov baş verən son hadisələrdə müəyyən yeniliklərin olduğu qənaətindədir: 

“Milli Həmrəylik Hökuməti son bir neçə ildə ilk dəfə olaraq  vəziyyətə nəzarəti əlinə aldı və Haftarı müdafiə olunan tərəf səviyyəsinə endirdi. Əvvəllər dəfələrlə münaqişənin sülh yolu ilə həll olunması ilə bağlı çağırışları eşitməyən general danışıqlar masası arxasına keçməyə razılıq verdi. Məğlubiyyətə düçar olduqdan sonra Haftar,  onu dəstəkləyənlər və  silahlılar atəşkəsə əməl etmək üçün  “Qahirə Bəyannaməsi”-ni ortaya atdılar.  Hətta atəşkəsin əldə olunması üçün Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğandan telefon görüşməsi zamanı xahiş etməsi də kütləvi informasiya vasitələrinin manşetinə çıxarılmışdı. Lakin bu dəfə qarşı tərəf-Milli Həmrəylik Hökuməti və onun əsas yardımçısıTürkiyə danışıqlara getməkdən imtina etdilər. Haftarın əsas dəstəkləyicisi olan Misir növbəti dəfə müdaxiləyə başladı və Sirtə şəhərini “qırmızı xətt” adlandırdı. Sisi hətta orduya xaricdə əmliyyat keçirməyə hazır olmaları barədə əmr verdi”.

     

Politoloqun sözlərinə görə, müharibənin “açarı” Sirtə şəhərindədir:

“Misir uzun müddətdir ki, BMT tərəfindən tanınmayan qiyamçı Haftarın Liviyada hakimiyyətə gəlməsi üçün mübarizə aparır. Sisinin ölkəsində öz xalqı ilə yetərincə ciddi problemləri olmasına baxmayaraq o, Liviyaya silah, hərbi sursat yardımı etməkdən çəkinmir. Bunun çoxlu səbəbləri var. Amma əsas səbəb Türkiyənin Liviyada və bununla da regionda artan nüfuzunun qarşısına keçməkdir. Məlum olduğu kimi Mursinin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Türkiyə-Misir münasibətləri hələ də gərgin olaraq qalır.

Bu gərginliyi Birləşmiş Ərəb Əmirliklərinin Misirə istiqaməti daha da möhkəmləndirir. Digər tərəfdən Xəlifə Haftar da Sirtə şəhərini əldən verməyin onun ömrünün sonunun yaxınlaşdıracağına əmindir. Sirtəni itirmək onun üçün danışıqlar masasında yerini itirməyə bərabərdir.   Milli Həmrəylik Hökumətinin Baş Naziri Faiz əs-Sərrac isə Sirtəni Haftardan almaq və bununla da ölkədə ikihakimiyyətliliyə son qoymaqda qərarlıdır.  Qeyd etdiyimiz kimi, Sirtə şəhəri Liviyada müharibənin taleyini həll etməkdə əhəmiyyətli rol oynayır. Birincisi ona görə ki, keçmiş diktator Müammar Kaddafi burada doğulmuşdur və regionda mövcud olan tayfaların əksəriyyət Kaddafinin tərəfdarlarıdır.

İkincisi, Haftar çoxlu sayda muzdluları şəhəri müdafiə etmək və Milli Həmrəylik Hökumətinin qüvvələrinə qarşı mübarizə aparmaq üçün  buraya toplamışdır. Yerli və xarici kütləvi informasiya vasitələrində gedən məlumata görə  Sudandan və Çaddan olan minlərlə muzdlu, eyni zamanda 3000 Rus hərbçisi burada cəmləşib. Üçüncüsü, şəhərin qonşuluğundakı region neftlə zəngin olan strateji  bölgədir və Haftar muzdluların maliyyələşdirilməsində bu neftdən gələn gəlirdən istifadə edir. Eyni zamanda Sirtə digər əhəmiyyətli Cufra regionunu Aralıq dənizi ilə birləşdirən məkandır”.

O, Cufra şəhərinin əəhmiyyəti haqqında da danışaraq söyləyib ki, burada nəzarəti gücləndirmək böyük uğur ola bilər:

“Tərəflər üçün həyati əhəmiyyət daşıyan və uğrunda ciddi mübarizə apardıqları digər region Cufra rayonudur. Cufra rayonu orada yerləşən Cufra aviabazasına görə strateji mövqedir. Müşahidəçilərin fikrincə, ölkəni “ələ almaq” üçün Cufraya nəzarət etmək lazımdır. Rusiya hərbi hava maşınları və Vaqner qruplaşması məhz bu aviabazada məskunlaşıb.

Hərbi qaynaqların verdiyi məlumata görə, Rusiya Cufra  aviabazasında ən azı 14 hərbi təyyarə yerləşdirib. Qeyri-rəsmi mənbələrə əsasən Rusiya Suriyada sınaqdan keçirdiyi taktikanı burada da həyata keçirməyə çalışır. O Cufrada hərbi baza yaratmaq və Sirədə dəniz qüvvələrini yerləşdirmək istəyir.

Ruslardan başqa, Sirtədə Ukrayna, Serbiya, Sudan və Çaddan olan muzdlular yerləşdirilib. Eyni zamanda, Cufraya nəzarət neft yataqlarına nəzarət etmək deməkdir. Belə ki, Cufra ətrafında yerləşən yataqlar Liviya neftinin 60 faizindən artığını təşkil edir. Neftdən gələn gəlir hakimiyyəti əldə saxlamaq üçün tərəflərə həyati əhəmiyyətlidir. Haftar məhz Birləşmiş Ərəb Əmirliklərindən gələn yardım və neftin hesabına bu günə qədər Sudan və Çad kimi müxtəlif ölkələrdən gətirdiyi muzdluları maliyyələşdirə bilib”.

Professor bu məsələdə Rusiyanın mövqeyi barədə də fikrini bildirdi. O düşünür ki, şimal dövlətinin münaqişəyə konkret münasibəti təsadüfi deyil:

“Əgər Milli Həmrəylik Hökuməti Sirtə, Cufra və Cufra hava bazasına nəzarəti ələ keçirə bilsə, Haftar münaqişədə mövqelərini itirəcək və bununla da Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Misir kimi dayaqlardan məhrum olacaq. MHH hökuməti isə Liviyanın müstəqilliyini təmin edəcək və atəşkəsə nail olacaq. Əks təqdirdə, Liviyanın iki müxalif qruplara bölünərək Suriya vəziyyətinə düşməsi qaçılmazdır. Buna görə də qiyamçı general Haftarı  dəstəkləyən qüvvələr-Fransa, Rusiya, Misir və Birləşmiş Ərəb Əmirlikləri onu sona qədər dəstəkləyərək Liviyanı bölməyə çalışacaqlar.

Bu yolda onlar qəbilə düşmənçiliyi və siyasi səbatsızlıqdan öz məqsədləri naminə istifadə etməyə çalışacaqlar. Rusiyanın mövqeyi bir qədər fərqli ola bilər. Çünki heç zaman bu ölkə qeyd olunan digər ölkələrlə eyni blokda çıxış etməyib. Onun bir qədər sonra Türkiyə ilə yaxınlaşaraq Suriyadakı şəraitə uyğun bir vəziyyət yaratmağa çalışacağı nəzərdən qaçırılmamalıdır”.