Ötən il kibercinayətlərdən itkilərin məbləği 4,2 milyard dollara çatıb


ABŞ Federal Təhqiqatlar Bürosu 2020-ci il üçün internet cinayətləri haqqında hesabat dərc edərək ötən ilin kibecinayətkarlıqdan dəyən ziyanın həcminə görə rekord il olduğunu açıqlayıb.

Sherg.az  ictnews.az-a istinadən bildirir ki, hesabata görə, 2020-ci ildə FTB-yə kiber və internet cinayətkarlığı ilə bağlı 791 790 şikayət daxil olub. Bu, 467 361 şikayətin qeydə alındığı 2019-cu ildən 69 faiz çoxdur. Həmçinin bu növ cinayətkarlıqdan itkilərin məbləği artıb. Belə ki, ötən il kibercinayətkarlıqdan ziyan 4,2 milyard dollara çatıb. Bu, 2019-cu ildən (3,5 milyard dollar) 20 faiz çoxdur. Hər iki rəqəm - şikayətlərin sayı və ümumi itkilər ardıcıl beşinci ildir artır.

Əvvəlki illərdə olduğu kimi, daha çox uğur qazanan "BEC" hücumları (business email compromise - işgüzar poçtun ələ keçirilməsi) və "EAC" hücumları (email account compromise - elektron poçtun ələ keçirilməsi) ilə məşğul olan kibercinayətkarlıq qruplaşmaları olub. 2020-ci ildə kibercinayətkarların fəaliyyəti nəticəsində bütün itirilən vəsaitlərin 43 faizi - 1,8 milyard dollar onların payına düşüb.

"BEC/EAC" hücumları istifadəçinin elektron poçt hesabına müdaxilə edərək vəsaitlərin cinayətkarların hesabına göndərilməsi məqsədilə digərlərinin (əməkdaşlar və ya işgüzar tərəfdaşlar) aldadılması üçün sonradan həmin istifadəçinin şəxsindən istifadəyə əsaslanır.

FTB tərəfindən "BEC/EAC" hücumları ilə yanaşı, fırıldaqçı proqram təminatından istifadə etməklə həyata keçirilən hücumlardan itkilərin sürətli artımı qeydə alınıb. Hesabata görə, 2020-ci ildə ziyanın məbləği 225 faiz - 2019-cu ildəki 8,8 milyon dollardan 29,1 milyon dollaradək artıb.