Gürcüstanda azərbaycanlıları təhqir edən erməni tibb işçisi işdən qovuldu

Bir müddət öncə Jozef Kaşanyan tərəfindən sosial şəbəkələrdə azərbaycanlıların böyük narahatlığına və narazılığına səbəb olan video yayılmışdır.

Sherg.az "24News.ge"yə istinadən xəbər verir ki, erməni tibb işçisi paylaşdığı videoda azərbaycanlıları ciddi təhqir etmişdir.

Kaşanyan tərəfindən yayılan videoda o, klinikada çalışdığını deyərək xəstəxanaya gələn azərbaycanlıları kirli və iyrənc adlandırmışdır.

Məsələ ilə bağlı əməkdaşlarımız Jozef Kaşanyanın çalışdığı klinika ilə həmin vaxt əlaqə saxlayaraq onların əməkdaşının yolverilməz addımı ilə bağlı məlumatlar almışdı. Həmin vaxt klinika rəhbərliyi məsələdən xəbərdar olduqlarını və Kaşanyana töhmət verildiyini bildirmişdilər.

Bu gün Baku tv-ə müsahibə verən, Tibb müəssisəsinin rəhbəri Natia Nutsibidze bildirib ki, ciddi töhmət alan Kaşanyan artıq işindən azad olunub.