Fransada təhsil müəssisələrində koronavirus sürətlə yayılır

Fransada koronavirusa qarşı görülən sanitar tədbirlərə baxmayaraq, 21 mindən çox məktəblinin COVID-19 testi pozitiv çıxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Milli Təhsil Nazirliyi məlumat verib.

Nazirlik məktəblərdə koronavirus epidemiyasının sürətlə yayılmasından narahatlığını bildirib. Qeyd edilib ki, koronavirusa yoluxan məktəblilərin sayı son gündə 15 mindən 21 min 183-ə çatıb. Təhsil işçiləri arasında isə 2 min 515 nəfər koronavirusa yoluxub. Son həftədə 30 təhsil ocağı bağlanıb.

Ölkədə bəzi siyasətçilər və səhiyyə işçiləri virusun yayılmasının qarşısını almaq üçün təhsil ocaqlarının bağlanmasını və ya yaz tətili müddətini uzatmağa çağırırlar. Nazirlik son sutkada məktəblərdə yoluxma sayının rekord həddə çatdığını bildirib.

Xatırladaq ki, son günlər xəstəxanalarda koronavirus xəstələri arasında yeniyetmələrin sayının artması ilə bağlı həyəcan təbili çalınır.