Qərblə qarşıdurmada Ukrayna "müqəddəs qurban" ola bilər

Kreml sentyabradək Donbası tam işğal edib, orada duma seçkiləri ilə birlikdə növbəti referendum keçirərək Krım kimi, həmin torpaqları da özünə qatmağa çalışacaq


Ötən günlərdə Donbasda vəziyyət yenidən gərginləşib. Belə ki, Kremlin birbaşa nəzarətində olan separatçı rejim Ukrayna ordusunu atəşə tutub. Nəticədə 4 əsgər ölüb, 3 nəfər isə yaralanıb. Məlum olduğu kimi, son vaxtlar Ukrayna öz torpaqlarını azad etmək uğrunda mübarizəyə başlamağa hazırlaşır. Hətta Ukrayna Prezidenti Vladimir Zelenski bu barədə xüsusi sənəd də qəbul edib. Görünür, rəsmi Kiyevin fəallaşdığını duyan Moskva “əzələ nümayişi”nə başlamağa qərar verib.

 ReAL partiyasının icraçı katibi Natiq Cəfərli proseslərin inkişafı barədə proqnozunu “Sherg.az”la bölüşdü:

“Məncə, yaxın günlərdə Moskva Donbasda vəziyyəti daha da gərginləşdirəcək. Qərblə qarşıdurmada Ukrayna "müqəddəs qurban" ola bilər. Kreml sentyabradək Donbası tam işğal edib, orada duma seçkiləri ilə birlikdə növbəti referendum keçirərək Krım kimi, həmin torpaqları da özünə qatmağa çalışacaq. Artıq orada 450 min insana Rusiya pasportları paylanılıb. Bu rəqəm sentyabradək 1 milyona çatacaq. Pasportları çap edib paylamaq üçün artıq Moskvadan lazım olan avadanlıq da Donbasa gətirilib. Yaxşı, bu ssenari olsa, Qərb nə edəcək? ABŞ və Avropa Birliyi hansı addımları atacaq? Ukrayna Donbası geri qaytara biləcəkmi?! Bəlkə, elə Qərb üçün də ərazi baxımından Fransadan böyük olan Ukrayna bu sərhədlərdə əlavə yükdür?  Ola bilsin, daha kiçik Ukrayna istəyirlər. Bəlkə, siyasət elə qurulub ki, Rusiyaya əlavə bölgələr yükləməklə belini bükməyə çalışırlar?! Kreml Abxaziya, Şimali Osetiya, Dnestryanı bölgə, Krım, Donbas, Qarabağ kimi yükü, öz daxilində Şimali Qafqaz kimi dotasiya bölgəsini, Qırğızıstan, Ermənistan, Tacikistan, Belarus kimi Rusiyadan daim maddi dəstək alan ölkələri nə qədər nəzarətdə saxlaya biləcək”?!

N. Cəfərli Rusiyanın siyasətinin yanlış olduğu qənaətindədir:

“Kremlin  imperialist siyasəti, böyük dövlət olmaq vizionu ancaq ərazi ilə bağlıdır. Elə bilirlər ki, böyük dövlət ərazi məsələsidir. Ərazisində Uraldan o tərəfə, Şərqə tərəf cəmi 35 milyon əhali yaşayır. Eyni coğrafi və iqlim şəraiti Kanadada, ABŞ-ın Alyaskasında, Finlandiyada, Skandinaviyada var. Amma onlar xarüqələr yaradıblar. Tək Norveç,  on minlərlə kilometr sahil xətti olan Rusiyaya ildə 5 milyard dollarlıq dəniz məhsulu satırdı.  Əhalisi təkcə Moskva şəhəri qədər olan Norveç, İsveç və Danimarkanın ümumi ÜDM-i, Rusiya ÜDM-dən çoxdur. Lakin Kreml hələ də elə bilir ki, ərazi tutmaqla imperiya olmaq mümkündür. Sual yenə açıq qalır: Moskvaya  daxili problemləri ört-basdır etmək, növbəti dəfə "vətənpərvərliyi" pik həddə çatdırmaq üçün torpaq ilhaqı lazımdı - Donbası tam işğal etsə nə baş verəcək?! Qərb-Rusiya qarşıdurması bizim bölgəyə necə təsir edəcək?! Məmləkət olaraq bu suallara aydın cavabımız, taktiki və strateji xəttimiz olmalıdı...”.