Sərhədlərin mühafizəsində dronlardan geniş istifadə edəcək

Avstriyanın Daxili İşlər Nazirliyi ölkə sərhədlərinin mühafizəsində dronlardan istifadəni genişləndirməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, istifadəsinə ötən il başlanan dronlara bu yay daha 23 ədədi əlavə ediləcək, 2023-cü ildə isə onların ümumi sayı 90-a çatdırılacaq.

Avstriyanın daxili işlər naziri Karl Nehammer bu barədə məlumat verərkən, ilkin olaraq dövlət büdcəsindən bu məqsədlə iki milyon avro vəsaitin ayrıldığını bildirib. Qeyd edilib ki, hazırda sərhəd xidmətində 18 drondan istifadə edilsə də, onlar daha çox sərhədyanı ərazilərdə nəqliyyat hərəkəti və qəzaların qeydə alınması üçün tətbiq edilir.

Yeni dronlar isə istilik kameraları, məsafə ölçən texnologiya, gecəgörmə kameraları və sərhəd nəzarəti üçün tələb olunan digər texniki üstünlüklərlə təchiz olunacaq. Bununla da sərhəd ərazilərində qeyri-leqal miqrasiya fəaliyyətinə qarşı mübarizə güclənəcək. Dronlardakı istilik kameraları yollarda hərəkət edən yük maşınlarında qeyri-qanuni miqrant daşınmasını da aşkar edə biləcək.

K. Nehammer bildirib ki, bu ilin mayında Xorvatiya, Rumıniya və Bolqrarıstanın daxili işlər nazirləri ilə bu sahədə birgə fəaliyyəti dərinləşdirmək üçün nazirlər konfransı keçiriləcək.