Donbasda gərginlik: siyasi dalandan sonra «silahlar danışır» - Ayyət Əhməd yazır 

Ukraynanın şərqində - Donbasda atəşkəsin pozulması halı intensivləşib. Artıq beynəlxalq ictimaiyyət də bu siyasi dalan barədə həyəcan təbili çalıb. 7 ildir Donbasda atəşkəsin pozulması halı gün ərzində 30-dan az olurdu. 2020-ci ilin 27 iyulunda atəşkəsin pozulmasında nisbətən irəliləyiş baş verdi. 2021-ci ilin yanvarından bu yana isə məlum vəziyyət təhlükəli məcraya qədəm qoydu. Son 3 ay ərzində 19 ukraynalı əsgər həlak olub. 2020-ci ildə ümumlikdə 49 ukraynalı hərbçi separatçıların açdığı atəş nəticəsində həyatını itirib. Bir sözlə, bölgədə "rənglər tündləşib" və vəziyyət gərgin fazaya keçib. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) müşahidəçi missiyası istisna olmaqla, bu ərazilərə giriş məhdudlaşdırılıb. Bu da  müəyyən bölgələrə keçid üçün ən böyük maneədir.

Şübhəsiz ki, rəsmi Kiyev və rəsmi Moskva bu gərginliyə görə, bir-birini qarşılıqlı şəkildə qınayır. 

2021-ci ilin 1 aprel tarixində Ukrayna prezidenti Vldimir Zelenski Rusiyanı Ukrayna ilə sərhədə hərbi truppalar yerləşdirməkdə və provokasiya riskinə dair xəbərdarlıqda ittiham etdi. Bundan başqa, Ukrayna  ordusunun komandanı Ruslan Komşak bəyan etdi ki, Kremlin bu addımı Ukraynının hərbi təhlükəsizliyinə təhdiddir: "Çünki Rusiya Ukrayna ilə sərhədə 28 min canlı qüvvə yığıb ki, onların  da 2 mini peşəkar təlimçi və professional əməliyyatçıdır".

Onu da qeyd etmək yerinə düşər ki, dünən Ukrayna sərhədində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus hərbi döyüş helikopterləri görünüb. Bu görüntüdən sonra Ukrayna Dövlət Sərhəd Agentliyinin rəhbəri Andriy Demçenko açıqlama verib:

"Tamamilə Ukrayna ilə sərhəddə deyildi, ancaq sərhəddən kənar bir bölgədə görünmüş ola bilər. Bəzi şahidlərin ifadələrinə görə, görüntülər Rusiya Federasiyasının Rostov bölgəsində qeydə alınıb".

Ukrayna prezidenti və digər səlahiyyətli rəsmilərin bu ittihamlarına rəsmi Moskvanın cavabı gecikmədi. Kremlin sözçüzü Dmitri Peskov bəyana etdi :

«Rusiya öz ərazilərinə istədiyi kimi və istədiyi qədər ordu yerləşdirə bilər. Bu heç kəs üçün təhlükə deyil və məlum addımımız heç kimi narahat etməməlidir». 

D.Peskovun bu mesajından eynəksiz də görmək olar ki, Kreml rəsmisi vəziyyəti etiraf edib. Və bu işğal faktında, eyni zamanda işğalın davam etdirilməsində, genişləndirilməsində Rusiyanın maraqlı olduğunu və təcavüzkar mövqedə dayandığını çılpaqlığı ilə nümayiş etdirib. Artıq Kreml niyyətini D.Peskovun «dili » ilə ifadə etdi və dünyaya ismarışını verdi. D.Peskov qlobal siyasi dairə və mərkəzlərə siqnal verir ki, rəsmi Kiyev orduya «irəli» əmri verərsə, Ukrayna ilə sərhəddəki rus ordusu hərəkətə gətiriləcək və bu hal da heç kəsi narahat etməməlidir. Yəni heç bir ölkə Rusiyanın işğal faktorunu dərinləşdirməsinə müdaxilə edə bilməz. 

Haşiyə çıxaraq onu da əlavə edim ki, 2014-cü ildə Ukraynada Avropaya inteqrasiya üçün başladılan Maydan hərəkatından Donbas hadisələrinə qədər uzanan müddətdə 13 min insan həlak olub. Rusiya özünü Donbasdakı separatçıların xaç atası kimi aparır. Doğrudur, onlar bəzi məqamlarda inkar etsələr də, Rusiyanın separatçılara, maliyyə, silah və canlı qüvvə ilə yardım etməsinə dair Ukrayna, eləcə də digər ölkələrin kəşfiyyat orqanlarında xeyli dəlillər var. 

***

Donbasdakı gərginliklə bağlı indi dünyanı düşündürən bir sual var: Savaş gözlənilirmi?

Bəli, potensial savaş lap yaxındadır və gözlənilir. Gəlin, savaşın real olduğunu göstərən detallara nəzər salaq. 
 
Bu həftənin cümə axşamı ABŞ Ukraynanın şərqində baş vərənlərlə bağlı Rusiyaya xəbərdarlıq etdi. Rəsmi Vaşinqton bildirdi ki, təcavüz və provokasiya xarakterli hədələmə təşəbbüsündən əl çəkmək lazımdır. Rusiya lideri Vladimir Putini « qatil» adlandıran ABŞ-ın yeni prezidenti Co Baydenlə 
Ukrayna lideri V. Zelenski arasında dünən telefon danışığı baş tutub.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Prezident Bayden Rusiyanın Donbas və Krımdakı təcavüzü qarşısında Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstəyini təsdiqləyib. Tərəflər, həmçinin regionda demokratiyanın möhkəmləndirilməsinin vacibliyini müzakirə ediblər”. « Röyters » agentliyi isə bildirib ki, Bayden telefon danışığı zamanı Zelenskiyə Ukraynaya səfər etmək istədiyini deyib.

Bütün bunlar Baydenin «əlini Ukraynanın kürəyinə qoyub» onu qorumaq niyyətində və mövqeyində olmasının aydın təzahürüdür. Heç kimə sirr deyil ki, C.Bayden hakimiyyətinin ilk aylarından Rusiyaya qarşı kəskin siyasətini ortaya qoyub və rəsmi Moskvaya sanksiyaların dozasını gücləndirib. 

Bununla yanaşı, Avropada yerləşdirilən Amerika hərbi qüvvələri isə Donbasda gözlənilən hərbi toqquşma ilə bağlı böhranlı vəziyyəti gücləndirilmiş şəkildə nəzarətdə saxlayır. Bu isə artıq maksimal həyəcan siqnalı deməkdir. 
 
Heç kimə sirr deyil ki, supergüclər arasındakı münasibətlərin gərgin müstəviyə keçməsi dünya üçün bir nonsensdir. Məhz bu gərginliyin artması və bunun beynəlxalq rezonans doğurması dünya ölkələrini də narahat etməyə başlayıb. Bu mənada aparıcı dövlətlər vəziyyətə yeni dizayn verib, prosesləri dinc yolla konfiqurasiya etməyə çalışırlar.  Məsələn, elə bu həftənin cümə günü Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa lideri Emmanuel Makron arasında videoformatda görüş keçirildi. Yeri gəlmişkən qeyd edək ki, bu görüşə Ukrayna prezidenti dəvət edilməmişdi. Rəsmi hesabat çox qısa oldu.

Yelisey Sarayından verilən məlumata görə, həmin görüşdə hər üç lider 2015-ci ilin fevralında imzalanan "Rusiyanın Ukraynadakı atəşkəsi sabitləşdirmək və Minsk razılaşmalarına hörmət edərək böhrandan çıxış yolu tapması üçün qətiyyətli bir öhdəlik götürməsinin vacibliyini" vurğulayıb. Amma, bu görüşdə əldə olunan razılaşmanın "canına yel dəyməmiş" Kreml sözçüsü D.Peskov müxtəlif  bəyanatlar səsləndirdi. Rusiyanın Ukrayna ilə sərhədə canlı qüvvə yerləşdirməsinə haqq qazandırdı.

Və bununla da məlum razılaşmanın rəsmi Moskva üçün ciddi əhəmiyyət daşımadığını ortaya qoydu. Ukraya  mediasının yazdığı məlumata görə, artıq müəyyən cəbhələrdə döyüşlər başlayıb. Ukraynanın şərqində havada barıt kokusu var.  Ukrayna ordusunun Donbasda bir neçə strateji obyekti borbardman etməsinə dair məlumatlar yayılır. 

Fəqət görünən odur ki, bütün bunlar Rusiyanın geri addım atacağı və savaş başlayarsa, Amerika, eləcə də Qərbi Avropanın Ukraynanın ərazi bütövlüyünün qorunması yönündə bütün hərbi, diplomatik, iqtisadi və hüquqi rıçaqları işə salacağı anlamına gəlmir. Ola bilsin, Zelenski hökuməti də buna tam əmin ola bilmir. 

Ötənlərdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rəsmi Vaşinqtona belə bir müraciət ünvanlayıb: “Ukraynanın əsas gözləntilərindən biri Donbass və Krımın işğaldan azad olunması prosesində ABŞ-ın daha aktiv və ən əsası, təcili iştirakıdır”. Kuleba Vaşinqtonun bu məsələni diqqətində saxlamalı olduğunu, Ukraynanın təhlükəsizliyinin həm Avropa, həm də Avro-Atlantik məkanın təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb. Bununla da rəsmi Kiev ABŞ və Qərbi Avropanın sonadək Ukraynanın yanında olacağına dair tərəddüdünü gizlətməyib.

Çünki ortada Rusiyanın 2008-ci ildə Gürcüstandan Abxaziya və şimali Osetiyanı, 2014-cü ildə isə Ukraynadan Krım, Donbas və digər əraziləri hərbi təcavüz nəticəsində işğal etməsi “nümunəsi” var. Bu hadisələr ərəfəsində də ABŞ və Qərb dünyası ard-arda rəsmi Moskvanın əleyhinə bəyanatlar verirdilər. Amma o bəyanatlar elə söz səviyyəsində də qaldı. Nəticədə Gürcüstan və Ukrayan itirdi. Bunlar ən yaxın tarixdə, XXI əsrdə dünyanın gözü qarşısında baş verdi. İndi rəsmi Kiyev də bu riskləri hesablamalıdır və hesablayır. 

Rusiyanın istehsalçı ölkə kimi dünya silah bazarındakı rolunu və nüvə ölkəsi olmasını nəzərə alsaq, məhz indi Amerika və Avropanın aparıcı ölkələri rəsmi Moskvanın Ukryanaya qarşı əzələ nümayişinin qarşısını almağa çalışmalıdırlar. Bunun bağlı sərt sanksiyalar işə salınmalıdır. Ukrayna ərazisində Rusiyanın işğalçı planlarını yerinə yetirən separtaçılara dəstək önlənməlidir.

Ukraynaya siyasi, hüquqi, hərbi və humanitar dəstək göstərilməlidir. Bütün bunlar olmadan hərbi əməliyyatlara başlamaq Ukraynanın “öz intihar kəndirinə” sabun sürtməsi deməkdir. Bir sözlə, rəsmi Kiyevi çox ağır günlər, sınaqlar gözləyir. İndi Zelenski hökuməti bütün riskləri milyon ölçüb bir biçməlidir. Ki, plasdarma çevrilmədən ərazilərini işğaldan azad edə bilsin.

***

Mövcud vəziyyətdə Azərbaycanın mövqeyinə gəlincə, diqqətə çatdıraq ki, rəsmi Bakı dəfələrlə Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Hətta ən ali kürsüdən belə Azərbaycan bütün riskləri göz önünə alaraq separatçıların Ukrayna ərazilərindən çıxarılmalı olduğunu bildirib. Bu belə də olmalı idi. Çünki hər iki ölkə eyni taleyi yaşayıb. Qafqazda işğala,separatizmə məruz qalan ilk ölkə məhz Azərbaycan olub.

Doğrudur, 44 günlük Vətən savaşında Azərbaycan öz ərazi bütövlüyünü tam olmasa da, (Xankəndi, Xocalı, Xocavənd , Əsgəran və Ağdərədə hələ də şanlı Azərbaycan bayrağı dalğalanmır)bərpa etdi. Bu savaş ərəfəsində də rəsmi Kiyev Azərbaycanın haqq savaşına dəstək ifadə edən bəyanatlar verdi. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.