Trampın qızı saxtakarlıqda ittiham olunur

ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka Trampın ailə biznesində vergidən yayınma ilə məşğul olduğu iddia edilir. 

“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, keçmiş prezident “Trump Organization” adlı ailə şirkətinə sahibdir.

Şirkətin baş maliyyə direktoru Allen Vayselberq bu yaxınlarda şirkətin adından sui-istifadə etdiyi üçün saxtakarlıqda ittiham olunub. Vayselberqdən sonra prezidentliyi dövründə Trampın müşaviri olan 39 yaşlı qızı İvankanın da vergidən yayınmasına dair iddialar ortaya çıxıb.

“New York Times” qəzetinin məlumatına görə, İvanka vergidən yayınmada Vayselberqin strategiyasından istifadə edib. Vayselberq özünü şirkətin işçisi kimi təqdim edərək vergi güzəştlərindən istifadə etməkdə günahlandırılır. İvanka isə atası ABŞ prezidenti vəzifəsində çalışdığı 2017 - 2021-ci illərdə Ağ Evdə prezidentin müşaviri vəzifəsində işləyib. Prezidentin qızının məsləhətçiliyə gətirildiyi zaman təqdim edilən 2017-ci il sənədində ortağı olduğu konsaltinq şirkətindən ümumilikdə 747.000 dollar ödəmə aldığı bildirilib. Bu pulun “Trump Organization” təşkilatının ABŞ-dakı otel layihələri üçün vergi güzəştləri istədiyi konsaltinq haqları ilə eyni olması diqqət çəkib.