Aydında azərbaycanlı jurnalist yanğın söndürür – VİDEO

Aydın ilçəsinin Akçaova qəsəbəsi yaxınlığındakı dağlarda yanğınsöndürmə əməliyyatlarından reportaj hazırlayan Axar.az əməkdaşı Turan Rzayev və FHN-in İctimaiyyətlə əlaqələr idarəsinin multimedia mərkəzinin məsləhətçisi Hüseyn Mahmudov söndürülən ərazidə çəkilişlər apararkən yeni yanğın ocaqları aşkarlayıblar.

Axar.az xəbər verir ki, jurnalist və operator yaxınlıqda kimsənin olmadığını görərək, kameraları bir kənara qoyublar və yanğını söndürməyə çalışıblar.

Əməkdaşımızın sözlərinə görə, bu yanğınlar “kök yanğınları” adlanır. Belə ki, gənc küknar ağaclarının kökü vasitəsilə yanğın bir ağacdan digərinə “ötürülür”. Bu baxımdan söndürülən ərazilərdə belə dərinliklərdə görünməyən ocaqlar qalır.

Eyni zamanda, şam ağaclarının yağlı və tezalışan qozaları alışarkən bir neçə metrliyə sıçrayır. Külək və həddən artıq isti isə bu cür hallarda yanğının qısa müddətdə bir neçə istiqamətdə sürətlə yayılmasına səbəb olur.

Gizli ocaqlar, qozaların kömürləşməsi ilə söndürülmüş ərazilərdə belə yenidən yanğınlar başlayır.

Qeyd edək ki, sözügedən ərazidəki yanğın söndürülsə də, axşam saatlarında gizli ocaqlar aktivləşib və genişlənib, Akçaova qəsəbəsi yaxınlığındakı Sarıkəndə çatıb. Hazırda kənd sakinləri təxliyə olunur.