Türkiyə Qızıl Ay ailəsi: Var olsun Azərbaycan!


Türkiyədə meşə yanğınları davam edir. Təbii fəlakət dövlətə və əhaliyə böyük məbləğdə zərər vurub. Ən son məlumatlara görə, iyulun 28-dən 47 vilayətdə qeydə alınan 223 yanğından 217-si nəzarətə alınıb.

AZƏRTAC-ın yanğın böhran bölgəsində olan xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsində fədakarcasına iştirak edirlər. Onlar fəaliyyət göstərdikləri bütün məntəqələrdə olduğu kimi, Aydın vilayətinin Çine rayonu ərazisində də böyük şücaət göstəriblər.

Cəsur yanğınsöndürənlərimizin qəhrəmanlığı təkcə yerli ictimaiyyət tərəfindən deyil, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir, böyük sevgi ilə qarşılanır. Çine rayonunun Kabalar, Altınabat, Söğütçük və Sarıköy məhəllələrini öz təsiri altında saxlayan yanğın bölgəsində fəaliyyət göstərən, əksəriyyəti könüllülərdən ibarət olan Qızıl Ay Cəmiyyətinin üzvləri Azərbaycana böyük ehtiram göstəriblər.

Türkiyənin Qızıl Aypara Cəmiyyətinin Aydın vilayəti üzrə sədri Mesut Mezkit Azərbaycan yanğınsöndürənləri haqqında xoş sözlər söyləyib.

Xatırladaq ki, qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib. FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti qardaş ölkədədir.

Bütün Türkiyə xalqı və dövlət rəsmiləri göstərilən qardaşlıq yardımına görə Azərbaycana sonsuz təşəkkürlərini ifadə edirlər.