““Taliban” Rusiya, Çin və İran üçün ciddi təhlükədir” 

“Bu radikal qruplaşma Şərqi Türküstana, oradakı milli oyanışı da təsir göstərəcək”

““Şimal alyansı” ilə Şərqi Türküstandakı qruplaşmalar arasında əlaqələr yarana bilər”

“Bu isə dediyim kimi, Çin üçün ciddi təhlükədir. Eyni zamanda Orta Asiyanın təhlükəsizliyi də təhdid altındadır”



Əfqanıstanda siyasi hakimiyyəti ələ keçirən “Taliban” silahlıları Pəncşir vilayətində müqavimət qüvvələrini mühasirəyə götürüb. Bu barədə “Taliban”ın sözçüsü Zabihullah Mücahid öz “Twitter” səhifəsində məlumat yayıb. O, qeyd edib ki, “Taliban” məsələni sülh yolu ilə nizamlanmağa çalışır.

Artıq dünya liderləri Talibanı müzakirə etməyə başlayıblar. Münasibətlər təxmini məlumdur. Qaranlıq məqam isə yeni hakimiyyətin gələcəyi ilə bağlıdır.
Odur ki, “Sherg.az” olaraq BDU-nun Jurnalistika fükaltəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli ilə mövcud vəziyyəti müzakirə etdik:

- Sizcə, sözügedən radikal qruplaşma Əfqanıstanda nə qədər dayanıqlı olacaq?  

- “Taliban”ın ölkədə sabitlik yarada bilməyəcək.

- Niyə belə düşünürsünüz?

- Bunun bir çox səbəbləri var. Əvvəla, məsələ dinin dövlət idarəçiyindəki rolu ilə bağlıdır. “Taliban” liderləri loyal bəyanatlar səsləndirsələr də, “Taliban” mahiyyət etibarı ilə dini radikalizmdir. Və bu, öz mənfi təzahürünü göstərəcək. Dünya birliyi adətən dini radikalizm üzərində qurulan dövlətləri qəbul etmir.  Həm də insansanlar ölkədə dünyəvi dəyərlərin üstünlüyünü pis-yaxşı anlayıblar. Həmçinin “Taliban” liderləri özləri də bilirlər ki, ölkəni idarə etməkdən ötrü lazımi intellektə sahib deyillər. Bunu onların bəyanatları, davranışları da göstərir. “Taliban” yalnız bir halda sabitliyə nail ola bilər.

- Necə?

- Özbək lideri Əbdürrəşid Dostum artıq proseslərə qarışıb. Təbii ki, o, Türkiyənin arxasında olduğunu hiss edir. İndi əsas məsələ Qərbin bu qüvvələrə nə qədər dəstək göstərəcəyidir. Əgər lazımi dəstək olsa, mübarizə uzanacaq. Ümumiyyətlə, regiondakı etnik qruplar arasında mübarizə həmişə uzun çəkib. Onu da deyim ki, yeni hakimiyyətədək valiləri Əbdürrəşid Dostum təyin edirdi. Deməli, arxasında müəyyən qüvvənin olduğunu bilirdi. İndi tərəflər arasında razılıq əldə edilsə, koalisyon hökumət formalaşsa, sabitlik yaranacaq. Əks halda daxili ziddiyətlər davam edəcək.

- Bundan sonra ABŞ-Əfqanıstan münasibətləri necə olacaq?

- Qərb daxildəki bütün etnik qrupları öz nəzarətində saxlaya bilməyəcək. Daxildə ciddi ictimai  axın var. Puştun millətçiyi, “Şimal alyansı” adlanan tacik, özbək və xəzərlərin mövcudluğu ölkədə ayrı-seçkiliyə səbəb olacaq. Xüsusilə nəzərə almaq lazımdır ki, “Şimal alyansı” tarix boyu milli varlığını qorumağa meyilli olub və onları heç bir qüvvə asanlıqla sıxışdırmağı bacarmayıb.

- Əfqanıstandakı yeni hökumət dünya üçün nələr vəd edir?

- Əlbəttə, ən çox narahat olanlardan biri Rusiyadır. Çünki həmin dövlətə qarşı bu hərəkatdan istifadə ediləcək.  “Taliban” həm də Çin və İran üçün ciddi təhlükədir. Radikal qruplaşma Şərqi Türküstana, oradakı milli oyanışı da təsir göstərəcək. “Şimal alyansı” ilə Şərqi Türküstandakı qruplaşmalar arasında əlaqələr yarana bilər. Bu isə dediyim kimi, Çin üçün ciddi təhlükədir. Eyni zamanda Orta Asiyanın təhlükəsizliyi də təhdid altındadır.

- ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması çoxlarını təəccübləndirib…

-Məncə, burada təəccüblü bir hal yoxdur. Böyük dövlətlər də səhv edirlər. Tarixdə belə hallar çox olub. Muzdlu əfqan qoşununun yaradılması həm Baydenin, həm də özündən əvvəlki siyasətçilərin səhvi idi. Məhz təslimçilik əhval-ruhiyyəsi, mövcud durumun real qiymətləndirilməməsi nəticəsində 78 minlik ordu 300 minlik qoşuna qalib gəldi.