İnternet əfqanların qəniminə çevrilib: "Qərblə əməkdaşlıq edənlər aşkarlanır"

“Bir yandan da sosial media və internet əfqanların qəniminə çevrilib”.
 Bu sözləri Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı:
“Taliban hakimiyyətə gələndən sonra əfqanların bir çoxu  təqibdən yayınmaq üçün internetdə özləri haqqında olan bütün datanı təmizləməklə məşğuldur. Bir çoxları da saxta səhifələr yaradır, kompüterdə və smartfonda məlumatları silirlər. 13 milyon sosial media istifadəçisi olan Əfqanıstanın internetdə xeyli datası formalaşıb ki, talibanlılar bundan istifadə edərək qərblə əməkdaşlıq edənləri  aşkarlayırlar. ABŞ-ın "USAİD" humanitar qurumu artıq  partnyorlarına məktub göndərib ki, əfqan vətəndaşları üçün problem yarada biləcək bütün məlumatlar, fotolar, müxtəlif tədbirlərdən hazırlanan materiallar sosial mediadan, internetdən yığışdırılsın  və məhv edilsin . Eyni məzmunlu  xəbərdarlıq məktubunu ABŞ-ın buradakı keçmiş  səfirliyi öz əməkdaşlarına da göndərib. Beynəlxalq "Human Rights First" qurumu isə informasiyaların şəbəkədən, sosial mediadan silinməsi ilə, ümumiyyətlə, silinmiş məlumatların heç bir izinin qalmaması ilə bağlı  əfqan vətəndaşları üçün bir neçə dildə təlimat hazırlayıb. Amma “Taliban”ın da son dövrlərdə xeyli rəqəmsallaşdığı bildirilir. Onlar xüsusi xidmət qurumlarının məlumat bazalarına giriş əldə etməklə , biometrik məlumatlar əsasında bir neçə dəfə şəxsiyyəti müəyyən edən əməliyyatlar icra edə biliblər. “Human Rights First” bildirib ki, talibanlar hətta ABŞ -ın buradakı hərbi və mülki kontingentinin də biometrik məlumatlarını əldə edə biliblər. “Facebook” isə bu məsələlərdən sonra talibanlara məxsus hesabları  silərək  onlarla əlaqəli bütün məlumatları bloklayıb”.