S-400 “qovğası”:“Rusiya NATO-nun parçalanması üçün “toxum səpir””

“İkinci bir tərəfdən, ABŞ-la Türkiyə arasında gərginlik yaranır”

“Əlbəttə, Türkiyə öz təhlükəsizliyi naminə büyün təzyiqlərə rəğmən, sözügedən müdafiə sistemlərini alacaq”

“Amma fikrimcə, bundan sonra qardaş ölkə özü həmin silahları istehsal edəcək” 


Yaxın vaxtlarda Türkiyə və Rusiya arasında S-400 zenit-raket sistemlərinin göndərilməsi haqda yeni müqavilə imzalana bilər. Bu barədə bu gün “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev “Armiya-2021” beynəlxalq hərbi-texniki forumu çərçivəsində bildirib.
“Məsləhətləşmələr davam edir, son mərhələdəyik. Yaxın vaxtlarda tərəfdaşlarımızla müqavilənin rəsmiləşdirilməsinə və imzalanmasına başlayacağıq”, - deyə A. Mixeyev qeyd edib.

Politoloq Natiq Niri tərəflər arasındakı əməkdaşlıq barədə “Sherg.az” a danışdı:

“Dövlətlərin fərqli geosiyasi maraqları var. Türkiyənin yaxın və ortamənzilli havadan müdafiə sistemləri olsa da, hələlik uzaqmənzilli sistemə- S-400-ə ehtiyacı var. Bu, hava məkanının təhlükəsizliyi üçündür. Nəzərə almaq lazımdır ki, S-400-lər hansısa xarici qüvvəyə və ya Rusiyaya qarşı yox, NATO-dakı “müttəfiqlərinə” qarşıdır. Çünki Türkiyə “müttəfiqlərinə”, o cümlədən ABŞ-a güvənmir və bunda haqlıdır. Qardaş ölkəyə qarşı hərbi-siyasi sanksiyaların tərəfdarlarının məhz “müttəfiqlər” olduğunu unutmamalıyıq”.

 N.Miri, həmçinin Moskvanın maraqlarını sadaladı:

“Türkiyə ilə Rusiyanın istəkləri fərqli məsələlərdə toqquşur. Amma indi şimal qonşumuz Ankaraya “S-400”ləri çox rahatlıqla satır. Çünki bu, NATO daxilində anlaşılmazlıq yaradır və beləliklə, həmin qurumun parçalanması gündəmə gəlir. Yəni Rusiya NATO-nun parçalanması üçün “toxum səpir”. İkinci bir tərəfdən, ABŞ-la Türkiyə arasında gərginlik yaranır. Əlbəttə, Türkiyə öz təhlükəsizliyi naminə büyün təzyiqlərə rəğmən, sözügedən müdafiə sistemlərini alacaq. Amma fikrimcə, bundan sonra qardaş ölkə özü həmin silahları istehsal edəcək”.