Rusiyanın Mərkəzi Asiya əndişəsi:“... Növbəti oyunçular peyda olub”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib ki, Rusiya Mərkəzi Asiyada ABŞ hərbçiləri görmək istəmir.
O, Avropa İttifaqının ali nümayəndəsi Cozep Borrelin “Əfqanıstanı Rusiya və Çinə təhvil vermək olmaz” fikrinə diqqət çəkib.
Sergey Lavrov bunu təəssüfedici fakt adlandırıb.

Rusiyalı nazirin açıqlamasını “Sherg.az”a şərh edən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədlinin fikrincə, Lavrov açıqlamasında heç bir təəccüblü məqam yoxdur:
“Ancaq Amerika Əfqanıstana girəndə Rusiya da buna dəstək vermişdi. Ona görə də indi S.Lavrovun “ABŞ hərbçilərini Mərkəzi Asiyada görmək istəmirik” deməsi bir az qəribədir. ABŞ-ın müəyyən bir mərhələdə Mərkəzi Asiyada oldu və oradan çıxdı. Lakin ABŞ Əfqanıstandan çıxmasını bir uğursuzluq kimi qiymətləndirmək olar.
Borrelin “Əfqanıstanı Rusiya və Çinə təhvil vermək olmaz” fikrinə gəlincə, görünür onun geopolitikadan elə də dərin anlayışı yoxdur. Çünki dünya Çin, Rusiya və Amerika kimi üç oyunçudan ibarət deyil. Artıq növbəti oyunçular peyda olublar. Bu, keçmiş imperiyalar-Türkiyə, Böyük Britaniya, Fransa hətta Almaniyadır. Ona görə də regionun hər hissəsində bir neçə ölkənin rəqabətini görəcəyik”.