Əfqanıstanda "böyük oyun":”Rusiya, Çin və İran arasında “inciklik”...- “Kartlar" açılır

“Məqsəd Moskva, Tehran və Pekini bir-birinə düşmən etməkdir”

“Proseslər ABŞ-dan başqa heç bir “oyunçuya” sərf etmir” 


ABŞ hərbçiləri də daxil olmaqla Kabil hava limanında baş verən partlayışlar zamanı həyatını itirənlərin ümumi sayı 100 nəfəri keçib. Bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün baş verən 6 partlayış nəticəsində 90 Əfqanıstan vətəndaşı, Pentaqonun məlumatına görə, 13 ABŞ hərbçisi həlak olub. Partlayışdan sonra ABŞ prezidenti Co Bayden Əfqanıstana qayıtmaq barədə açıqlama verib. Bu, çoxlarında sual yaradıb. Elə isə ABŞ qoşunları ölkədən niyə çıxmışdı?



“Sherg.az” olaraq hərbi- siyasi ekspert Həşim Səhrablı isə bu barədə müzakirə apardıq:

- Ümumiyyətlə, ABŞ Əfqanıstandan niyə çıxdı?

- Çünki məğlub olacağını bilirdi. Ona görə də vaxtında belə bir addım atdı.

- İndi Baydenin dediyi kimi, ABŞ-ın yenidən Əfqanıstana qayıtması nə qədər mümkündür?

- Prezident açıqlamasında təxmini belə fikir söyləyib: “Biz istədiyimiz və lazım olan vaxt Əfqanıstana müdaxilə edəcəyik”. Bu, mütləq olacaq. ABŞ Əfqanıstana qayıtmağın bir yolunu, şübhəsiz, tapacaq. İŞİD-in törətdiyi partlayış buna əsas verir. Çünki ABŞ çıxan kimi ölkədə terror mühiti yenidən alovlandı. Beynəlxalq sülhməramlılar olanda isə sabitlik təmin edilmişdi. Ümumiyyətlə, baş verənlər ABŞ-ın planı olmasa da, həmin dövlət prosesləri düzgün hesablayıb.

- Niyə belə düşünürsünüz?

- ABŞ Əfqanıstandan çıxan kimi ölkədə xaos yarandı. Üç böyük diktator ölkə- Rusiya, İran və Çin prosesə cəlb olundu. Həmçinin Türkiyə və Pakistan da bölgədə maraqlı olduğu üçün onlar da prosesə istər-istəməz qoşuldular. Məqsəd Moskva, Tehran və Pekini bir-birinə düşmək etməkdir. ABŞ onlarla birlikdə mübarizə aparmaq iqtidarında olmadığını anladı. Ona görə də qarşı tərəfdəki gücləri parçalamaq niyyətindədir.

- Bəs bundan sonra nələr olacaq?

- İndi bayaq adını çəkdiyim ölkələr Əfqanıstanda “öz kartlarını oynamağa başlayıblar”. Fikrimcə, Rusiya, Çin və İran arasında “inciklik” yaranacaq. Ümumiyyətlə, proseslər ABŞ-dan başqa heç bir “oyunçuya” sərf etmir.