ABŞ Əfqanıstandakı son kəşfiyyat bazasını məhv edib

ABŞ hakimiyyəti bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin Əfqanıstanın paytaxtı Kabil hava limanından xaricdə yerləşən sonuncu postu "Eagle" bazası ölkənin silahlı qüvvələrinin nəzarəti altında məhv edilib.

“Report” xəbər verir ki, bu barədə “New York Times” yazıb.

Bildirilir ki, bu, addım istənilən tərk edilmiş avadanlığın və ya informasiyanın "Taliban" hərəkatı üzvlərinin əlinə düşməməsi üçün atılıb. Əməliyyat əvvəlcədən planlaşdırılıb və avqustun 26-da aeroportda törədilmiş partlayışlarla qətiyyən əlaqəli deyil.

"Eagle" bazası keçmiş kərpic zavodunun ərazisində yaradılıb və Əfqanıstanda bütün münaqişə boyunca istifadə olunub. Baza kiçik forpostdan Əfqanıstanın kəşfiyyat xidmətlərinin antiterror qüvvələrinin təlimi üçün istifadə olunan geniş mərkəzə çevrilib.