Əfqanıstandakı yeni hakimiyyətin Türkiyəyə müsbət mesajları... - ŞƏRH

Taliban sözçüsü Zabihullah Mücahid Amerika Birləşmiş Ştatlarının Əfqanıstanda məğlub olduğunu və məqsədlərinə çata bilmədiyini açıqlayıb. “Taliban” rəsmisinin çıxışını 1TV News telekanalı yayınlayıb. Bununla yanaşı, Zabihullah Mücahid hərəkatın ABŞ-la yaxşı münasibətlər qurmaq niyyətində olduğunu da əlavə edib.

 Görünür, Əfqanıstandakı yeni hökumət beynəlxalq əlaqələrini qurmaqda iddialıdır.

 BDU-nun Jurnalistika fükaltəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli Əfqanıstanda baş verənlər barədə “Sherg.az”a danışdı:

 “ABŞ-ın Əfqanıstana gəlməsində məqsəd 11 sentyabr terrorundan istifadə edərək Çinə və Hindistana nəzarəti ələ keçirmək idi. Bu mənada uğurlu addım atılmışdı, amma proseslər düzgün hesablanmadı. Yerli əhali ilə münasibətlər normal olmadı. Proseslər regionun sabitliyə meyilli olmadığını göstərdi. Xüsusilə ABŞ Əfqanıstanda narkotik becərilməsini nəzarətə götürə bilmədi, əksinə, göz yumdu. Hətta Vaşinqton bundan Moskvaya qarşı istifadə etmək istədi və xeyli bacardı. Onu da nəzərə almaq lazımdır ki, ABŞ əfqan ordusunu milli ruhda formalaşdıra bilmədi. Muzdlu qoşunun yaradılması istənilən nəticəni vermədi. Beləliklə, ABŞ faktiki olaraq Əfqanıstanda məğlubiyyətə uğradı. Bu, düşünülmüş, idarəolunan xaos deyil”.

 S.Məmmədli, Taliban- ABŞ əlaqələrinin perspektivindən də danışdı:

“Sözügedən radikal qruplaşma hakimiyyətinin əvvəlki dövründən fərqli olaraq bu dəfə beynəlxalq əlaqələrinə xüsusi diqqət edir. Görünür, səhvlərindən nəticə çıxarıb. Taliban rəhbərliyindən bir neçə şəxs ABŞ-la əməkdaşlıqda maraqlı olduğunu deyib. Bu, proseslərin gedişindən asılıdır. Taliban ölkədə stabilliyi qorumağı bacarsa, əməkdaşlıq alınacaq. Yox, üstünlük şimal alyansının əlinə keçsə, buna inanmıram”.

Professorun fikrincə, Əfqanıstandakı proseslərdə Pakistanın da rolu var:

"Əfqanıstan geniş mənada Pakistanın təsiri altındadır. Milli əlaqələr özünü göstərir. İkinci bir tərəfdən, “Taliban”ın yetişməsində Pakistan xüsusi xidmət orqanları da mühüm rol oynayıblar. Deməli, İslamabad Əfqanıstana nüfuz imkanına malikdir. Hələlik səssiz qalmasının səbəbi də elə budur- proseslərin onun nəzarəti altında cərəyan etməsi. Fikrimcə, Əfqanıstandakı yeni hakimiyyətin Türkiyəyə müsbət mesajları da məhz Pakistanın təsiri ilə olur”.