“Rusiya Ukraynanın iqtisadi asılılığa düşməsini istəyir”- Politoloq

“Xeyli müddətdən sonra Rusiya Belarusu öz çəmbərinə ala bildi. Vladimir Putin çıxışlarının birində demişdi ki, SSRİ itib-batmayıb, bu yolun davamçısı Rusiya Federasiyasıdır. Rusiya öz çəmbərinə daha çox dövləti daxil etmək istəyir. Bunu isə diplomatik siyasətlə etməyi üstün tutur, ancaq həmişə güc amili də "B" variantdır”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi-şərhçi Elman Vəliyev deyib.



Onun sözlərinə görə, Rusiya üçün digər mühüm bir məsələ də Ukraynadır:

“Ukrayna Prezidenti Zelenskinin ABŞ Prezidenti Baydenlə görüşü olmuşdu. Bayden Ukraynaya bir xeyli maddi yardım elədi. Belarus Prezidenti Lukaşenko maddi çətinliyin aradan qalxması üçün Putindən borc aldı ki, bu da asılılıq yaratdı. Bayden Ukraynanın da bu vəziyyətə düşməməsi üçün maliyyəni özü verdi. Rusiyanın "Şimal axını-2" layihəsi artıq yekunlaşıb və Rusiya Almaniya vasitəsilə öz enerjisini Avropaya rahat ixrac edəcək”.

E.Vəliyev qeyd edib ki, Amerikanın iqtisadi sanksiyalarına qarşı bu enerji axını Rusiya üçün çox effektli olacaq:

“Ukrayna da bu layihədən faydalana bilər. Rusiya bunu Ukraynaya təklif edib. Yəni Rusiya əlindəki bu fürsəti yaxşı dəyərləndirmək istəyir. Bu layihə vasitəsilə Ukraynanın da iqtisadi asılılığa düşməsini istəyir. Məhz Amerika da buna görə Ukraynanın maddi sıxıntı çəkməsini istəmir.
 BMT Baş Assambleyasının 76-cı iclası keçirildi və bu iclasda Ukraynanın işğal altındakı əraziləri ilə bağlı səs vermə oldu. Ermənistan, Belarus və Qazaxıstan Rusiyanın mövqeyini saxladı. Rusiya Qazaxıstanın da Belarus kimi himayəyə götürülməsinə səy göstərəcək. Ermənistanın da niyə belə addım atması məlumdur. Putinlə Zelenskinin görüşünü istisna etmək olmaz. Krım, Donbas Rusiya üçün mühüm mövqedir. Bildiyimiz kimi, Krım Qara dəniz sahilində yerləşir və bu da Rusiyanın bu məkana önəm verməsinə dəlalət verir. Qara dənizdə öz maraqlarını təmin etmək üçün Krım Rusiyaya lazımdır. Bunun üçün zənn etmirəm ki, Rusiya bu mövqedən əl çəkər. Tərəflər üçün ən alternativ kompromisə getməli olacaq. Yəni hər iki tərəf müəyyən güzəştlər etməlidir”.