Gürcüstanda potensial inqilab təhlükəsi yaşanır

Saakaşvilinin həbsi hər zaman partlamağa hazır minadır

Qonşu Gürcüstanda seçkilər başa çatsa da, siyasi gərginlik davam etməkdədir. Proseslərin durulmasına mane olan əsas amil sabiq prezident Mixail Saakaşvilinin həbs olunması və aclıq aksiyasına başlamasıdır. Tərəfdarları onun dərhal azadlığa buraxılmasını tələb etsələr də, “Gürcü Arzusu” hökuməti Saakaşvilinin cəzasını sonadək çəkəcəyini bildirirlər. Tbilisi Saakaşvilini Ukraynaya vermək niyyətində olmadığını da deyir.

Baş nazirin müavini, Mədəniyyət, idman və gənclər naziri Teya Çulukiani bildirib ki, siyasətçi həbs müddətini Gürcüstanda başa vuracaq: “Gürcüstandan Ukraynaya ekstradisiya yalnız o zaman baş verir ki, digər tərəfdən ekstradisiyası tələb olunan şəxs orada cinayət məsuliyyətinə cəlb olunsun. Saakaşvilinin Ukraynada mühakimə olunduğunu düşünmürəm. Ona görə də ekstradisiya ilə bağlı söhbətlər cəfəngiyatdır”. Siyasətçinin vəkili Giorgi Çiviaşvili isə deyib ki, Saakaşvili Ukraynaya ekstradisiyadan imtina edəcək: “O, aclıq aksiyasına davam edir və mübarizənin davamını bu formada ifadə etdiyinə inanır. Onun mövqeyi mübarizənin davam etməsidir. Ekstradisiya məsələsinə gəlincə, Mixail Saakaşvilinin bu mövzuda mövqeyi ondan ibarətdir ki, o, Gürcüstana, vətəninə gəlib. Biz siyasi mübarizə planlaşdırırıq”. Məlumat üçün bildirək ki, Gürcüstanın üçüncü prezidenti vəzifəsindən sui-istifadədə ittiham olunur. Mixail Saakaşvili haqqında qiyabi hökmlər hələ 2018-ci ilin yanvar və iyun aylarında çıxarılıb. Yanvarın 5-də Tbilisi şəhər Məhkəməsi Saakaşvilini bankir Sandro Qirqvlianinin işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilib. Buna görə ona 3 il azadlıqdan məhrumetmə cəzası kəsilib. 2008-ci ildə prezident postunda olan Saakaşvili ölüm işinə görə 4 polisi əfv edib və onlar azadlığa buraxılıb. Bu addıma görə Saakaşviliyə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı verilib. İkinci qiyabi hökm isə 2005-ci ildə parlamentin deputatı Valeri Gelaşviliyə qarşı hücumla bağlıdır. Gürcüstanın sabiq prezidenti həmin hücumun təşkilində təqsirli bilinərək, 6 il azadlıqdan məhrum edilməsinə qərar verilib. Saakaşvili həmçinin, “İmedi” telekanalına basqın təşkil etməkdə, Patarkatsişvili ailəsinin mülkərini mənimsəməkdə və Dövlət Xüsusi Mühafizə Xidmətinin təxminən 9 milyon dollar vəsaitini şəxsi məqsədləri üçün istifadə etməkdə ittiham olunur. Çıxarılmış hökmləri nəzərə alsaq, keçmiş prezidenti 9 ilə qədər həbs gözləyir. Bu arada Mixail Saakaşvilinin həyat yoldaşı, deputat Yelizaveta Yasko onu dəstəklədiyini açıqlayıb. Onun sözlərinə görə, Saakaşvilinin həbsi qanunsuzdur: “Biz birlikdəyik, bir-birimizi sevirik, siyasi həmfikirlərik. Onun həbsi Gürcüstan hökuməti tərəfindən siyasi repressiyadır və ölkənin demokratik institutlarını sarsıdır. Mixailin azad edilməsi üçün əlimdən gələni edəcəyəm”. 

Qonşu ölkədə cərəyan edən prosesləri “Şərq”ə dəyərləndirən Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri deyib ki, Saakaşvilinin Gürcüstanda həbsdə olması hər zaman partlamağa hazır minadır. Analitikin sözlərinə görə, Saakaşvilinin həbsi “Gürcü Arzusu” üçün ciddi başağrısı olacaq: 

“Saakaşvilinin qollarına qandal vurulması Gürcüstandakı müxalifətin mübarizəsi üçün də əlavə stimuldur. Bu hadisə Gürcüstan müxalifətinin yenidən birləşməsinə gətirib çıxara bilər. Yaxında qonşu ölkədə yeni etiraz dalğasının başlayacağını heç kim istisna etmir. Bu məqam İvanaşvili iqtidarı üçün potensial təhlükədir. Saakaşvilinin Gürcüstana gəlişi ilə bağlı müxtəlif fikirlər var. Onun xüsusi missiya ilə Gürcüstana göndərildiyi, müəyyən məqsədlərə qulluq etdiyi iddia edilir. Qərbin Saakaşvilini yenidən Gürcüstana göndərməsi və ölkədə dövlət çevrilişinə hazırlıq görməsi iddiası həddindən artıq şişirdilir. Doğrudur, ABŞ və Avropa “Gürcü Arzusu”undan məmnun deyil. Lakin bu məmnuniyyətsizlik dövlət çevrilişinə cəhd etmək səviyyəsində ola bilməz. Sadəcə illərin siyasətçisi olan Saakaşvili dünyada və regionda gedən prosesləri düzgün dəyərləndirməyi bacarır. Eks-prezidentə görə, Gürcüstanda bütün müxalifətin toparlanmasına ehtiyac var. O hesab edir ki, müxalifət birləşərsə, seçkilərdə total saxtakarlığın qarşısı alınar. Reallıq odur ki, “Gürcü Arzusu” öz istəyinə nail ola bilmədi. 20 ən böyük şəhərdə iqtidar partiyası məğlub oldu”. 

N.Miriyə görə, ən mühüm bölgə isə paytaxt Tbilisidir: “Paytaxt uğrunda ikinci turda ciddi mübarizənin gedəcəyi indidən bəllidir. Gürcüstanda potensial inqilab təhlükəsi mövcuddur. Saakaşvili məhz bunları nəzərə alaraq ölkəyə gəlmək qərarı verdi. O, gözəl anlayır ki, gürcü cəmiyyəti ayağa qalxarsa, verdiyi səsləri qorumaq uğrunda mübarizəyə başlayarsa, Qərbin ciddi dəstəyini almaq mümkün olacaq. İvanaşvili dəstəsinin bugünədək hakimiyyətdə qalmasının əsas səbəbi xalqın kütləvi şəkildə etiraza qoşulmaması və müxalifətin dağınıqlığıdır. “Gürcü Arzusu”nun hakimiyyətdən getməsi üçün potensial imkanlar mövcuddur. Saakaşvili bu imkanları dəyərləndirmədən ölkəni tərk etmək haqqında düşünməyəcək”.