İran artıq geri addım atır


Türkiyənin Cənubi Qafqazda siyasi, hərbi mövqeyinin güclənməsi ilə Tehran razılaşmalı olacaq

Türkiyə və İran Xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçiriləcək. Bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ankarada oktyabrın 8-də Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal və İran xarici işlər nazirinin müavini Əli Bağeri Keninin sədrliyi ilə siyasi məsləhətləşmələr keçiriləcək. Məsləhətləşmələrdə Türkiyə-İran münasibətləri, eyni zamanda, regional və beynəlxalq vəziyyət barədə fikir mübadiləsi aparılacaq.

Türkiyə və İran xarici işlər nazirlərinin görüşü barədə MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında deyib ki, bu məsləhətləşmələr, əsasən regionda gedən proseslər fonunda hər iki ölkənin maraqlarının uzlaşdırılmasına hesablanılıb:

 "Çünki İranın hazırkı hərbi təlimlər keçməsi və Cənubi Qafqazda vəziyyəti destabilizasiya etmək siyasəti əlbəttə ki, Türkiyəni narahat edir. Türkiyə konkret olaraq İranın siyasətini və başlamış bu kimi təhdidedici siyasətini daha da yaxından bilmək istəyir. Bu kimi məsləhətləşmələr, fikir mübadiləsi ümumi prosesə müsbət effekt verə bilər. Türkiyə konkret olaraq, daim bu məsələdə regionda öz müsbət siyasəti ilə nümunəvi bir mövqe ortaya qoyub. İranda bu davranışların qarşısını almaq, İranın yeni naziri ilə ilkin tanışlıq məhz xarici işlər nazirlərinin görüşündə daha da effektli olacaq. Bir sıra sual doğuran məsələlər masaya qoyulacaq". 

M.Əsədullazadə hesab edir ki, tərəflər müəyyən məsələdə ortaq məxrəcə gələcəklər:

 "İran göründüyü kimi, artıq geri addım atır. Türkiyənin Cənubi Qafqazda siyasi, hərbi mövqeyinin güclənməsi əlbəttə ki, İranın proseslə də razılaşmalı olacağına gətirib çıxaracaq. Hesab edirəm ki, XİN-in bu məsləhətləşmələr üçün görüşməsi Azərbaycanın da maraqlarına cavab verir".