Ukrayna və Gürcüstan NATO-nun “qapısı” ağzında... – Şərh

NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Gürcüstan və Ukrayna ilə əməkdaşlığın möhkəmləndirilməsi məsələsi NATO-nun Madrid sammitində müzakirə olunacaq. Onun sözlərinə görə, sammitdə hansı qərarların qəbul olunacağı barədə danışmaq hələ tezdir:
“Əminəm ki, müttəfiqlər bu günə qədər qəbul edilmiş, həmçinin Gürcüstan və Ukraynanın Avroatlantik səyləri ilə bağlı qərarları dəstəkləyəcəklər”.

Baş katib qeyd edib ki, NATO Ukrayna və Gürcüstanla əməkdaşlıq və tərəfdaşlığı gücləndirməkdə davam edəcək.

NATO Baş katibinin verdiyi açıqlamanın Rusiyaya qarşı olub-olmadığı barədə “Sherg.az”a danışan politoloq Natiq Mirinin qənaətincə, bu, NATO tərəfindən deyilən standart və şablon sözlərdir:

“Çünki hər zaman belə fikirlər səsləndirilir. Amma sözün əsl mənasında Ukrayna və Gürcüstan kimi ölkələr neçə illərdir ki, NATO-nun “qapısı” ağzında saxlanılır. NATO təhlükəsiz nöqteyi-nəzərində bu ölkələri bərabərhüquqlu üzvlüyünə qəbul edə bilmir. Ona görə bu açıqlamaları ciddi qəbul etmək lazım deyil. 

Sadəcə Baş katibin dedikləri həmin ölkələri NATO-dan “küsdürməmək”, bundan sonra da NATO-nun “qapısı” ağzında durmaq və müəyyən islahatları davam etdirmək xarakteri daşıyır. 

Rusiyanın postsovet məkanında mövqeləri güclü olduqca, düşünürəm ki, NATO Gürcüstan və Ukraynanı üzvlüyünə qəbul edə bilməyəcək”.