Tehran qarşıdurmadan bir addım geri çəkilmir

İranın əlindəki "dəlil-sübutlar" təzyiq siyasətini əsaslandırmağa hesablanıb

İran XİN sözçüsü Səid Xətibzadə yenə Azərbaycandan danışıb. Xətibzadə iddia edib ki, əllərində 44 günlük müharibə başlayan vaxtdan terrorçu qrupların Azərbaycan ərazisinə köçürülməsi ilə bağlı “dəlil-sübut”, hətta “səs yazıları” var. Xatırladaq ki, “terrorçu” iddiasını müharibənin gedişində ilk dəfə Xamenei gündəmə gətirmişdi. Amma ötən bir il müddətində eyni iddia təkrarlansa da, indiyə qədər heç bir dəlil açıqlanmayıb. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında deyib ki, İran rəsmilərinin məhz indiki məqamda “dəlil-sübutdan” bəhs etmələri diqqət çəkir. Analitikə görə, bu, İranın öz iddialarını “sübut etmə” mərhələsinə keçidi və artacaq təzyiq siyasətini əsaslandırmağa hesablanıb:

 “Müharibə dövründə Ermənistan tərəfi Yaxın Şərqdən Azərbaycana “terrorçuların” gətirilməsini sübut etmək üçün montaj olunmuş səs yazıları və görüntülər hazırlayırdı. Hətta Azərbaycan sərhəd xidmətinin hərbi geyiminə bənzər formaları erməni əsgərlərə geyindirir, səhnələr hazırlayırdılar. David Tonoyanın görüşündə DSX-nin uniformasını geyinmiş erməni əsgərlərin olması bunu sübut etdi. İran da eyni yola əl ata, montaj olunmuş səs yazıları, görüntülər təqdim edə bilər. Tehranın terrorçularla geniş əlaqələri onlar üçün bu işi daha da asanlaşdırır. İstisna deyil ki, həmin “dəlil-sübutu”, “səs yazılarını” XİN rəhbəri Abdullahian Bakıya səfərində gətirəcək. Məqsəd İranın bölgədə atacağı addımlara haqq qazandırmaqdır”.