Ərdoğan-Bayden görüşü:“Azərbaycanın mesajları ABŞ liderinə çatdırılacaq"

“ABŞ-ın Qarabağla bağlı məsələdə Azərbaycanın ərazini bütövlüyünü dəstəkləyən daha konkret addımlar atmasının müzakirəsi mümkündür”

“Bütövlükdə isə rəsmi Vaşinqton Qarabağda yenidən qurma işlərində iqtisadiyyatda və gələcəkdə Qarabağa qayıdacaq soydaşlarımızla bağlı müxtəlif layihələrin həyata keçirilməsində fəallıq nümayiş etdirə bilər”


"Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanla ABŞ prezidenti Co Bayden arasındakı görüş daha çox Türkiyə ilə Rusiya arasındakı yaxınlaşmaya həsr oluna bilər". 
Bu fikirləri "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib.  Politoloq qeyd edib ki, ABŞ-ın “Patriot” sistemlərini və qırıcı təyyarələrlə bağlı Türkiyəyə qarşı elədiyi haqsızlıqlar Türkiyə cəmiyyəti tərəfindən də daim narazılıqla qarşılanır: 

"Bütün bunlara baxmayaraq, NATO üzvü olan ölkəyə patrioti verməyən ABŞ Rusiyadan "S-400" aldığına görə, Türkiyəni tənqid edir sıxışdırır, sanksiyalarla hədələyir. Lakin Türkiyə prezidenti R.T. Ərdoğan açıqlamasında "S-400" ün  artıq ikinci partiyasının alınmasıyla bağlı Rusiyayla razılığa gəldiyini vurğuladı. Son olaraq, Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşünün pozitiv məcrada keçdiyini söylədi. Eyni zamanda, düşünürəm ki, Kabul hava limanı,  gələcəkdə Türkiyənin Suriya və Əfqanıstandakı mövcudluğu ilə  bağlı  Baydenlə Ərdoğan arasında söhbətlər olacaq. Təbii ki, Qarabağ məsələsinin də müzakirəsi  prioritetlərdən biridir". 

T.İsmayılov vurğulayıb ki, ABŞ  ATƏT-in Minsk qrupunun yenidən fəallaşmağını istəyir: 

"Bilirik ki, 30 illik münaqişə əzmində Ermənistana qarşı ABŞ tərəfindən heç bir təzyiq olmadı. Düşünürəm ki, Türkiyə prezidenti cənab Ərdoğan ilk növbədə ABŞ konqresmenlərinin erməni lobbisinin təhriki ilə Azərbaycan-Türkiyə əleyhinə atdığı addımlara etirazını bildirəcək. 

Eyni zamanda, ABŞ-ın Qarabağla bağlı məsələdə Azərbaycanın ərazini bütövlüyünü dəstəkləyən daha konkret addımlar atmasının müzakirəsi mümkündür. 

Bütövlükdə isə rəsmi Vaşinqton Qarabağda yenidən qurma işlərində iqtisadiyyatda və gələcəkdə Qarabağa qayıdacaq soydaşlarımızla bağlı müxtəlif layihələrin həyata keçirilməsində fəallıq nümayiş etdirə bilər. 
Türkiyə prezidenti Baydenin görüşündə yəqin ki, Azərbaycanın da mesajları mütləq şəkildə Amerika prezidentinə çatdırılacaq".