"Taliban"ın adı terror təşkilatlarının siyahısındadır


Ona görə yeni hakimiyyətin tanınmasında ehtiyatlı davranış tək Rusiyanın yox, bütün dövlətlərin siyasətidir

Rusiya Prezidenti Vladimir Putin "Taliban" hərəkatını rəsmi olaraq tanımaq məsələsində tələsməyə ehtiyac görmür. Bu barədə Rusiya lideri MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib. Putin vurğulayıb ki, biz onlarla ünsiyyət qurmağın lazım olduğunu anlayırıq, amma tələsməməliyik. Bu məsələni sizinlə birlikdə müzakirə edəcəyik, məsləhətləşəcəyik. 

O, Əfqanıstandakı vəziyyətin nizamlanması üçün oktyabr ayında Moskvada görüş keçiriləcəyini söyləyb: "Əfqanıstanda barışıq prosesini dəstəkləmək və ümumiyyətlə, bu ölkədəki vəziyyəti normallaşdırmaq üçün səy göstərmək lazımdır. Hamımız genişlənmiş “üçlüy"ün işinin bərpasına töhfə verə bilərik. Sizdən bunu dəstəkləməyinizi xahiş edərdim. Mən Pakistanın iştirakı ilə Rusiya, ABŞ və Çini, eyni zamanda Mərkəzi Asiya da daxil olmaqla bölgənin əsas ölkələrinin qatıldığı "Moskva formatı"nı nəzərdə tuturam. Biz çox yaxın gələcək üçün, oktyabr ayında Moskvada bu mexanizmlər çərçivəsində görüşlər keçirəcəyik".

Bəs, Rusiyanın əsas narahatlığı nədir?

Sualımızı cavablandıran BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, "Taliban" hakimiyyətinin tanınmasında ehtiyatlı davranış tək Rusiya yox, bütün dövlətlərin siyasətidir. Analitik qeyd edib ki, buna səbəb "Taliban" hərəkatının adının beynəlxalq terrorist təşkilatların siyahısında olmasıdır: "Əksər maraqlı ölkələr buna baxmayaraq "Taliban"la bir sıra açıq və qapalı görüşlər keçirib. Onun hakimiyyətinin tanınması üçün müsbət mesajlar verib, amma hamı ehtiyatlı davranmaqda haqlıdır. "Taliban" hələlik özünü beynəlxalq ictimaiyyətin nəzərində doğruldacaq bir çox addımlar atmalıdır ki, onu qəbul etsinlər. Bunun üçün də vaxtaşırı ikitərəfli və müxtəlif formatlar çərçivəsində görüşlərin də keçirilməsi buna xidmət edir. Rusiya təbii ki, bu prosesdə ən çox narahat olan tərəfdir. Buna səbəb Orta Asiya respublikaları ilə Əfqanıstanın sərhəd olması və bu dövlətlərdə baş verəcək iğtişaşların Rusiyaya təsir edə biləcəyidir".

A.Qasımov diqqətə çatdırıb ki, Rusiya bir tərəfdən "Taliban"la dialoq aparsa da, Əfqanıstan sərhədində olan ordusunu da gücləndirir: 

"Həmçinin, o,  Tacikistandakı 201-ci bazasının təchizatını artırır, təlimlər keçirir. Rusiyanın narahatçılığı təbii ki, təsadüfi deyildir. Əfqanıstanda son günlərdə baş verən terror hadisələri onu göstərir ki, "Taliban" daxilindəki qüvvələr heç də yekcins deyil. 

Orda mövcud olan İŞİD kimi, eyni zamanda, tacik, qırğız, çeçen kimi qruplaşmaların planları ilk növbədə sərhəddə və sərhədyanı ölkələrdə gərginlik yaratmaqdır. Bu baxımdan da, Rusiyanın narahatçılığı əbəs deyil. Əfqanıstandan çıxan Amerika hərbi qüvvələrinin istəyi də bu idi".