İran dənizdə də təxribatçı əməllərindən qalmır

Cənub qonşumuz regiona, dünya təhlükəsizliyinə təhlükə yaradan bir dövlətə çevrilib

Xəzər dənizinin cənubundan sərhədimizin pozulması ciddi narahatlıq yaradıb. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 16 oktyabr saat 23:00 radələrində Xəzər dənizində cənub istiqamətdən Azərbaycana mənsub sulara daxil olan 3 naməlum hədəf aşkar olunaraq nəzarətə götürülüb. Sərhədin mühafizəsində olan gözətçi gəmiləri dərhal həmin istiqamətə göndərilib. Təqib edilən itisürətli bortlar xəbərdarlıq atəşindən sonra yüklərini suya ataraq geriyə qaçıblar. 

Yüklərə baxış zamanı 100 min manatlıq siqaret aşkarlanıb. Xəzərin cənubundan sərhədimizə təcavüz edənlərin İran vətəndaşları olduğu iddia olunur. Məlumat üçün bildirək ki, İran-Azərbaycan quru sərhədində də dəfələrlə qanunsuz keçidlərin, narkotik ticarəti ilə məşğul olan cinayətkarlarla mübarizənin şahidi olmuşuq. Bir neçə dəfə İran-Azərbaycan sərhədində qanlı insidentlər yaşanıb, ölüm faktları qeydə alınıb. Hər dəfə də vurğulanıb ki, İran tərəfi Azərbaycanla sərhədin mühafizəsində qəsdən, ya təsadüfən boşluq yaradır, qanunsuz gediş-gəlişə göz yumur. O baxımdan ötən gün Xəzərdə baş verən hadisə qaçaqmalçılıqdan daha çox İran-Azərbaycan arasındakı gərginlik müstəvisində yozulur. Bəzi ekspertlər bunu planlaşdırılmış təxribat kimi də dəyərləndirirlər. 

Politoloq Azər Qasımov isə “Şərq”ə açıqlamasında vurğulayıb ki, İran bir dövlət kimi davranmaq instinktini itirib. Siyasi təhlilçinin sözlərinə görə, Tehran hökuməti özünü cinayətkar qrupun təşkilatı kimi aparır:

 “Azərbaycanla quru və dəniz sərhədlərində qaçaqmalçılıq, narkotik tranziti, narkotik alveri İranın dövlət siyasətinə çevrilib. Son dövrlər Azərbaycan-İran arasındakı gərginlik fonunda bu halların baş verməsi təbii ki, vəziyyəti daha da gərginləşdirir. İran uzun illərdir apardığı təxribatçı və terrorizmə dəstək verən siyasətinə görə blokada və sanksiyalar altındadır. Bu isə İran əhalisinin yaşam durumuna ciddi təsir edib. Əhalinin müəyyən hissəsi məcburiyyətdən qaçaqmalçılıq və ya narko-ticarətlə məşğul olur. Amma bu işlərin tonlarla miqyasda narko-ticarət və qaçaqmalçılıq səviyyəsində olması ciddi qurum və şəxslərin himayəsi altında olması reallığını gündəmə gətirir. Bu artıq dövlət səviyyəsindəki məmur və şəxslərin biznes əməlləridir”. 

A.Qasımov bildirib ki, biznesdən gələn milyardlarla dollar beynəlxalq terrorizmin dəstəklənməsinə və cinayət şəbəkəsinin gəlir əldə etməsinə səbəb olur:

 “İranda bu işin başında duranlar daha çox qazanc əldə edirlər. Tehran rejimi bu siyasətə dəstək verdiyi üçün qanunsuz qruplaşmaların fəaliyyətinə açıq ölkədir. Bu baxımdan, tez-tez Azərbaycan sərhədində belə hallar baş verir. İran rejimi bunu inkar etsə də, fakt göz önündədir. Cənub qonşumuz regiona, dünya təhlükəsizliyinə təhlükə yaradan bir dövlətə çevrilib. Ona görə İrandakı mövcud rejimin dəyişməsi dünya gücləri üçün əsas prioritet olmalıdır. Əks halda bu cinayətkar mahiyyətli rejim dünyada sülh və əminamanlığa çox təhlükələr yaradacaq”.