Ölkəni istefa dalğası bürüyüb

Ermənistanda siyasi xaos və hərbi elitadakı hərc-mərclik hələ də davam edir

Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti ordunun, hərb sisteminin sıradan çıxmasına səbəb oldu. İrəvanın işğal olunmuş ərazilərdən çıxardığı hərbi hissələr belə bu gün ölkədə normal ordu quruculuğuna yardım edə bilmir. Bu barədə həyəcan təbili çalan yerli media hakimiyyətin hələlik gizli saxladığı daha bir maraqlı faktı üzə çıxarıb. "İravunk" nəşri yazır ki, bu günlərdə Müdafiə Nazirliyində ciddi və biabırçı ixtisarlar gözlənilir. Üstəlik, bəzi polkovniklər artıq öz istəkləri ilə işdən çıxarılıb: "Qaynağımızın bildirdiyinə görə, yaxın gələcəkdə nazirlik dövlət qulluğuna da "əl gəzdirəcək". 

Xatırladaq ki, bir neçə ay əvvəl "İravunk" olaraq Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Müdafiə Nazirliyinə birləşdiriləcəyini və bunun yalnız hərbçilərdən ibarət "dövlət qulluğu" anlayışının ortaya çıxması üçün bir bəhanə olacağını yazmışdıq. Orduda yalnız hərbçilər qalacaq, rütbələr Müdafiə Nazirliyinin tabeliyinə veriləcək. Eyni zamanda, bu dəyişiklik nəticəsində bir sıra yüksək hərbi rütbələr aşağı düşə bilər. Məsələn, bir zabit çavuş olacaq, polkovnik isə polkovnik-leytenant rütbəsinə düşə bilər".

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra ölkədə davam eləyən siyasi xaos və hərbi elitadakı hərc-mərclik hələ də davam edir. Politoloq qeyd edib ki, hazırda erməni hərbi generaliteti içərisində mərkəzi hakimiyyətə və ordu komandanlığına tabe olmayan,  xarici dövlətlərlə və xaricdəki erməni lobbisi ilə əlaqədar olan bir sıra hərbiçilər var:

 "Həmin bu hərbiçilərin mövcudluğu ölkədə vahid komandanlıq formalaşdırmağa imkan vermir. Eyni zamanda,  44 günlük Vətən müharibəsində erməni zabit heyətinin bir çoxu döyüşlərdən qaçıb və əsgərləri tək qoyub. Ümumilikdə, ordu içərisində hələ də Koçaryan və Sarkisyan hakimiyyəti dövründə mövcud olan nizamsızlıq və xaotiklik davam edir. Bu baxımdan düşünürəm ki, hazırda heç bir siyasi gələcək vəd eləməyən bir  ölkənin siyasi hakimiyyətində təmsil olunmaq qədər onun ordu və hərbi rəhbərliyində təmsil olunmaq da əlverişli olmadığına görə, Ermənistanda hərbiçilər bir-bir istefa verir. Hərbi sistemdəki bu istefa dalğası Ermənistanda bir neçə müddətdir davam edən siyasi istefalar dalğası fonunda baş verir ki, bu da düşünürəm, indiyə qədər diplomat, konsul təyinatında çətinliklər çəkən Paşinyana növbəti hərbi təyinatların həyata keçirilməsi prosesində də ciddi çətinliklər yaradacaq".