Dünya 5-dən böyükdür

Araz Aslanlı: "BMT və onun müxtəlif strukturları 1945-ci ilin siyasi-iqtisadi mühitinə uyğun formalaşdırılıb"

TŞ-də Afrika ölkələrinin, türk-islam dünyasının təmsilçilərinin olmaması da ciddi çatışmazlıqdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasındakı veto hüququna sahib ölkələrin sayının artırılmalı olduğunu bildirib. Afrika ölkələrinə səfər edən Ərdoğan bildirib ki, bəşəriyyətin taleyini BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü həll etməməlidir. Türkiyə prezidenti dəyişiklik tələblərinə qulaq asılmamasını İkinci Dünya müharibəsindən sonra yaranmış status-kvonu təkidlə qoruyub-saxlamaq cəhdi kimi qiymətləndirib: 

“Dünyada TŞ-nin üzvü olan 5 ölkə yox, 200-dən çox ölkə var. Amma yer kürəsi əhalisinin taleyi “bir ovuc” dövlətin mərhəmətinə buraxılıb. Dünya dəyişir, diplomatiya, ticarət, beynəlxalq münasibətlər radikal dəyişikliklərə məruz qalır. Qlobal təhlükəsizlik arxitekturasının əvvəlki kimi qalması ağlasığmazdır. Xatırladaq ki, hazırda BMT TŞ-yə 15 ölkə daxildir ki, onların da beşi - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa – daimi üzv statusuna və veto hüququna malikdirlər. Digər 10 qeyri-daimi üzv isə iki illik müddətə seçilirlər. Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsi yalnız bir dəfə - 1963-cü ildə baş verib və TŞ-nin üzvlərinin sayı 11-dən 15-ə qaldırılıb. Məlumat üçün deyək ki, Türkiyə liderindən savayı, Almaniya və Yaponiya rəhbərləri də zaman-zaman bu məsələni qaldırıblar. 

Türkiyə prezidentinin təklifi Rusiyanın siyasi dairələrində də dəstəklənib. Rusiyalı analitik, tarix elmləri namizədi Andrey Sızranov deyib ki, hazırda BMT Təhlükəsizlik Şurası bəzi nümunələri istisna etməklə, öz effektivliyini dəfələrlə sübut edib. Ancaq perspektivdə yeni üzvlərin bu siyahıya daxil ediləcəyi şübhə doğurmur. 

Ekspertin sözlərinə görə, Ərdoğanın açıqlaması bu məsələyə yeni bir zəmin gətirir. Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin eksperti, Barselona Beynəlxalq Araşdırmalar İnstitutunun üzvü Sergey Suhankin də belə bir islahata ehtiyac olduğunu söyləyib. Onun fikrincə, son otuz ildə dünyada bəzi dərin dəyişikliklər baş verib və BMT Təhlükəsizlik Şurasının hazırkı tərkibi bu dəyişikliklərin mahiyyətini əks etdirmir: “BMT-nin indiki vəziyyəti İkinci Dünya müharibəsindən sonrakı dövrə daha çox uyğundur, nəinki XXI əsrə. Bəzi güclü, nüfuzlu regional oyunçuların, o cümlədən, Türkiyə, Hindistan və Yaponiyanın kənarda saxlanılması qlobal böhranlar və transmilli problemlərlə effektiv və təsirli üsullarla məşğul olmağa imkan vermir. Türkiyə prezidenti bu məsələdə haqlıdır. Dünyada sürətlə artan islam əhalisi açıq şəkildə BMT Təhlükəsizlik Şurasında təmsil olunmur, bu problem qlobal bir institusional səviyyədə həll edilməlidir”. 

Yenidən gündəmə gələn təkliflə bağlı “Şərq”ə danışan Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, beynəlxalq münasibətlərdə qlobal təşkilatlar ənənəsi uzunmüddətli tarixə malik deyil. Bu, təxminən yüz ilə aid məsələdir. Ekspert vurğulayıb ki, beynəlxalq təşkilatların meydana çıxmasında əsas məqsəd ölkələr arasındakı problemləri həll etmək, prosesləri tənzimləməkdir: 

“BMT İkinci Dünya müharibəsinin başa çatmasından sonra təşkil olunub. Əsasən deyirlər ki, beynəlxalq təşkilat qurulduğu dövrə və şəraitə uyğunlaşaraq ortaya çıxıb. Yaponiya mütəmadi bir məsələni gündəmə gətirirdi ki, BMT və onun müxtəlif strukturları 1945-ci ilin siyasi-iqtisadi mühitinə uyğun formalaşdırılıb. Müasir beynəlxalq münasibətlərin ruhuna, tələblərinə tərs-mütənasibdir. Məsələn, İkinci Dünya müharibəsindən sonra BMT qurulanda təşkilatın maliyyə mənbələri Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan dövlətlər idi. Yaponiya çox kiçik bir büdcə ilə ora töhfə verirdi. Halbuki, hazırda quruma ən ciddi maddi yardım göstərən ölkələrdən biri Yaponiyadır. Hətta daimi üzvlərdən daha çox dəstək göstərir. Braziliya təklif edirdi ki, ümumiyyətlə, TŞ-nin həm daimi, həm də qeyri-daimi üzvlərinin sayı artırılsın. Hesab edirəm ki, təkliflər xeyli dərəcədə əsaslıdır. Ən azı o səbəbə görə ki, dünya dəyişib. 1945-ci ildə formalaşan BMT-nin strukturları bugünədək özünü doğrultmayıb”.
A.Aslanlıya görə, qurumla bağlı çoxsaylı təkliflər gündəmə gətirilir: “Təklif olunur ki, 15 üzvü 24-ə çıxarılsın. Buna qarşı çıxanlar isə hesab edirlər ki, daimi üzvlərin sayının çox olması qurum tərəfindən yekun qərar alınmasını çətinləşdirər. Yəni vahid mövqe sərgilənməsində problem yaranar və s. Amma ən azı daimi üzvlərin sayı arta, yaxud artmasa belə onların səlahiyyətləri məhdudlaşdırıla bilər. Məsələn, daimi üzlərin “veto” səlahiyyəti olmasın. Əgər hansısa qərar səs çoxluğu ilə qəbul olunursa, hər hansı ölkənin veto hüququ olmasın. Eyni zamanda TŞ-də Afrika ölkələrinin, türk-islam dünyasının təmsilçilərinin olmaması da ciddi çatışmazlıqdır. Mümkün variantlar çoxdur”.