"Taliban"ın arzuları doğrulmayacaq

Cümşüd Nuriyev: "Əgər "Taliban" Əfqanıstanda hər şeyin şəriətlə həll olunacağını düşünürsə, bu, alınmayacaq"

"Taliban"ın Əfqanıstan ərazisində şəriət qaydalarını tətbiq etməsi ölkənin bütün sakinlərinin qanun qarşısında bərabər olacağını nəzərdə tutur. Əfqanıstan  müvəqqəti hökumət rəhbərinin müavini Əbdül Salam Hənəfi Moskvada keçirilən görüşdən sonra bildirib. "Əfqanıstanda şəriət qanunlarının tətbiqi o deməkdir ki, bizdə korrupsiya olmayacaq və hər kəs qanun qarşısında bərabər olacaq. Qanun, məsələn, çox pulu olanlar üçün istisna olmayacaq. Beləliklə, yoxsulluqla mübarizə aparacağıq. Əfqanıstanda narkotik maddənin olmaması, ölkədə ədalətin hökm sürməsi, dövlətin çiçəklənməsi və inkişaf etməsi üçün çalışırıq", - "Taliban" nümayəndəsi vurğulayıb.

Məsələ ilə bağlı politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, "Taliban" ölkəni şəriət qaydaları, yəni Quranın qoyduğu  qaydalar və peyğəmbər əleyhisalamın hədisləri əsasında idarə edəcəklər. Politoloq qeyd edb ki, bu praktika bir çox ölkələrdə özünü doğrultmayıb:

 "Çünki  peyğəmbərin vaxtında dövlət olmayıb. Xəlifəlik isə o, dünyasını dəyişəndən sonra yaranıb, yəni bir dövlət forması kimi xilafət yaranıb. Ona görə də peyğəmbərin hədislərinin dövlətçiliklə heç bir bağlılığı yoxdur, yəni onun idarəetmə ilə bağlı hər hansı fikri omayıb. Düzdür, bundan İran daha çox yararlanır. Ancaq "Taliban" bununla problemlərini  həll edə bilməyəcək.  Onlar monofesal dövlət aparatı keçid dövrü üçün müəyyən uğur qazanacaqlar, hakimiyyət daxilində xaos aradan qaldırılacaq, məsələlər öz məcrasına yönələcək. Çünki bu sahədə dünya təcrübəsi mövcuddur. Hərbi çevriliş olan ölkələrdə, Braziliyada, Çilidə, Cənubi Koreyada bu təcrübə özünü çox müsbət doğruldub. Burda da təbii ki, monofesal özünü müsbət mənada doğruldacaq, amma sonra bunlar monoteokratik dövlət aparatına keçməyə məcbur olacaq. Hesab edirəm ki, onların Moskvada söylədiyi ideyalar özünü doğrultmayacaq. Əvvəla, bu günə qədər parlamenti olan İran belə monoteokratik dövlətdir. Orda nə rüşvətin kökü kəsilib, nə korrupsiyanın. Bu qanunsuzluqlar əksinə, daha da çiçəklənib. Digər moneteoraktik dövlətlərə nəzər salsaq, bunların içərisində Səudiyyə Ərəbistan, Küveyt, BƏƏ, Bruney Sultanlığı və s.  bu tip şəriətlə idarə olunan dövlətlərdə problemlər həddən artıq çoxdur".

C.Nuriyev əlavə edib ki, əgər "Taliban" Əfqanıstanda hər şeyin şəriətlə həll olunacağını düşünürsə, bu, alınmayacaq: 

"Mavritaniya da şəriətlə idarə olunan dövlətdir. Əfqanıstan da guya şəriətlə idarə olunan dövlət hesab olunur. İranla Mavritaniya görün nə günə qalıb? Ona görə dini düşüncələrlə dövlət idarəçiliyi bir araya gəlmir.  Vatikan da monoteokratik dövlətdir. Amma orda məhz dini dəyərlərə üstünlük verilir. Onlar heç bir dövlətin işinə qarışmır. Baxmayaraq ki, 43 dövlətdə katolik dini var. Bu kilsə bir növ onlara təsir göstərir. Buddizm olan Butana, Nepal da bir növ monoteokratik dövlətdir. Hansı irəliləyiş var? Ümumyyətlə, monoteokraktik dövlətlərin heç birində nə müasir inkişaf, nə modernləşmə var. Nə də ki, dövlət idarəetmə sistemi normaldır. Çünki orda ancaq dövlət başçılarının hər biri yeriyən konstitusiyadır. Əfqanıstanda da elə yeriyən konstitusiya yetişdirirlər. Bu isə Əfqanıstanı daha ciddi bəlalara aparacaq".