Ukraynada müharibə təhlükəsi artır

Azər Rəşidoğlu: "Amerika Ukraynanı silahlandırıb. NATO-nun hərbi arsenalında olan “Javelin” və “Neptun” raketlərinin Kiyevdə olması Ukraynanın hərbi qüdrətini xeyli artırıb"

"Müharibənin olub-olmaması Amerika-Rusiya arasındakı geosiyasi münasibətlərin vəziyyətindən asılı olacaq"

Rusiya Prezidenti Vladimir Putinin "Valday" klubunda Ukrayna haqqında söylədikləri Kiyevi hərəkətə gətirib. Putin “NATO-nun Ukraynada hərbi mövcudluğu Rusiya üçün təhlükə yaradır” ifadəsini işlətmişdi. Prezident V.Zelenskinin müşaviri Aleksey Arestoviç isə deyib ki, Ukraynaya hər hansı genişmiqyaslı hücum Rusiya ordusunun sonu olacaq. Onun sözlərinə görə, peşəkar rus hərbçiləri bu reallığın fərqindədirlər. Arestoviç qeyd edib ki, ruslar sadəcə təhdid etməklə məşğuldurlar. 

Müşavirin fikrincə, təhdidlərin hədəfi Kiyevi qorxutmaq və “rus şıltaqlığına" boyun əyməyə məcbur etməkdir: “Yalnız iki ildən sonra onlar bunun qeyri-real olduğunu anladılar. Nə cəbhədəki, nə də beynəlxalq təhdidlər heç nəyə gətirib çıxarmayacaq. Ən yaxşısı Normand və Minsk formatlarına uyğun danışıqlar aparmaqdır”. Bu arada ABŞ Hərbi Hava Qüvvələri müharibə vəziyyətinə hazırlıq çərçivəsində Rusiya sərhədlərinə yaxın yerləşən Şemya adasındakı hava limanına F-16 qırıcıları göndərib. “Forbes” jurnalının eksperti Devid Eks yazıb ki, Amerika hərbi hava qüvvələrinin komandanlığı Alyaskada təlimlər keçirir. Əsas vəzifələri mümkün qədər çox kiçik aerodromlara eniş və uçuş etməkdir: “Bu təlimlər Rusiya ilə genişmiqyaslı müharibənin məşqidir. Hərbi Hava Qüvvələrinin ruslarla müharibə zamanı böyük bazalara ballistik və qanadlı raketlərlə hücum etməsi gözlənilir”.  

Politoloq Azər Rəşidoğlu “Şərq”ə açıqlamasında vurğulayıb ki, ABŞ slavyan ölkəsi olan Ukraynanı Rusiyanın təsir dairəsindən çıxartmağı hədəfləyir. Analitikə görə, Ukrayna ərazilərinin işğaldan azad edilməsi və hərbi alyansa inteqrasiyasını təmin etmək Vaşinqtonun əsas məqsədidir: 

“Donbasın azad edilməsi Rusiya ilə sərhədin böyük hissəsinə nəzarət anlamına gəlir. Bununla Amerika Qara dəniz hövzəsində geosiyasi üstünlüyünü təmin etmək imkanı qazanmış olur. Vaşinqton Qara dəniz regionunda Rusiyanın hərbi iştirakını məhdudlaşdırmaqla NATO-nun cənub-şərq cinahını gücləndirməyə çalışır. Bu, həmçinin ABŞ və NATO-ya Krımı cənubdan mühasirəyə almaq, Rusiyanın Sevastopol limanındakı donanmasına qarşı alternativ güc mərkəzi yaratmaq imkanı verir. ABŞ-Rusiya münasibətlərində qarşıdurmanın artması Şərqi Ukraynada yeni müharibəyə səbəb ola bilər. Amerika Ukraynanı silahlandırıb. NATO-nun hərbi arsenalında olan “Javelin” və “Neptun” raketlərinin Kiyevdə olması Ukraynanın hərbi qüdrətini xeyli artırıb. Bundan başqa, ABŞ Senatı müharibə şəraitində Ukraynaya NATO-dakı müttəfiqləri ilə eyni səviyyədə hərbi yardım göstərmək haqqında qanun qəbul edib. Döyüşlər başlayacağı təqdirdə, Ukraynanın Minsk sazişindən çıxacağı istisna olunmur.  Münaqişə bölgəsindən verilən xəbərlərə görə, Ukrayna hökuməti Donbas ətrafında 90 min qoşun, 6 mindən artıq zirehli texnika cəmləyib. Lakin Ukraynanın separatçılar üzərində hərbi üstünlüyü təmin edəcək ən mühüm vasitə Türkiyədən aldığı uçan pilotsuz aparatlardır”. 
A.Rəşidoğlu vurğulayıb ki, Ukrayna Türkiyənin istehsalı olan və Qarabağ müharibəsində istifadə edilmiş “Bayraktar TB 2” zərbə PUA-larına və digər yeni nəsil dronlara maraq göstərir: “Belə texnologiya Donbasdakı separatçılara dəstək verən Rusiyada yoxdur. Eskalasiya baş verərsə, türk PUA-ların separatçıları məğlub edəcəyi qaçılmazdır. Putin öz nüfuzunu artırmaq və diqqəti Rusiya daxilindəki problemlərdən yayındırmaq üçün genişmiqyaslı hərbi əməliyyatlara qoşula bilər. Donbasın itirilməsi Rusiyanın ABŞ və NATO qarşısında yaratdığı bufer zonadan məhrum olması deməkdir. Lakin müharibənin olub-olmaması Amerika-Rusiya arasındakı geosiyasi münasibətlərin vəziyyətindən asılı olacaq.  Moskva və Vaşinqton anlaşarsa, Kiyev ciddi addım ata bilməyəcək”.