Çin Tayvana hücuma hazırlaşır


Vaşinqton ada dövlətini müdafiə etməyə qərarlıdır

"ABŞ Prezidenti Co Bayden 22 oktyabr açıqlamasında Çini hədələyib. Ağ Ev sahibi deyib ki, Çin Tayvana hücum edəcəyi halda Vaşinqton ada dövlətini müdafiə edəcək. Baydenin sözlərinə görə, Amerikanın Tayvanı qorumaqla bağlı öhdəliyi var. ABŞ prezidenti Tayvanla bağlı status-kvonun dəyişməsinə imkan verməyəcəyini bildirib". Bu barədə "Şərq"ə "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Baydenin açıqlamasını Ağ Evin mətbuat katibi Cen Psaki də şərh edib: "O jurnalistlərin suallarına cavab olaraq Vaşinqtonun xarici siyasətinin dəyişmədiyini vurğulayıb:

“Prezident xarici siyasətin dəyişdirilməsiylə bağlı heç nə deməyib. Tayvanla müqaviləmiz var və bu adanı mümkün təhlükələrdən qorumalıyıq. Biz bu müqaviləyə sadiqik. Bu məqsədlə Tayvanın müdafiə qabiliyyətini artıracağıq”. Baydenin və Psakinin bu açıqlamaları rəsmi Pekinin etirazına səbəb olub. Çin hakimiyyəti Vaşinqtonu bu siyasətdən əl çəkməyə çağırıb. Bunu Çinin BMT-dəki təmsilçisi Çjan Tszyun deyib. Pekin hesab edir ki, Vaşinqton Tayvanı dəstəkləməklə Çinin daxili işlərinə qarışır. Buna baxmayaraq, ABŞ mediasında yayımlanan xəbərlərə görə, ABŞ-ın hərbi təlimçiləri bir ilə yaxındır Tayvandadırlar. Hərbi təlimçilər Tayvan adasının müdafiəsi üçün yerli qüvvələri gücləndirməyə çalışırlar. Demək, Vaşinqton Çinin Tayvanda hərbi əməliyyat keçirəcəyinə əmindir". 

E.Şahinoğlu qeyd edib ki, Pekin Tayvanı ələ keçirməklə bağlı planlarını gizlətmir: 

"Tayvan müdafiəyə hazırlaşır. Çinin adanı ələ keçirmək məqsədilə 2025-ci ildə müdaxiləyə başlayacağı ehtimal edilir. Çin oktyabrın əvvəllərində ada ətrafında hərb gəmilərini göndərib, təyyarələri də ada yaxınlığında uçuşlar həyata keçirirlər. Bu arada, “Forbes” dərgisində ABŞ raketlərdən müdafiə sistemlərinin Rusiya və Çinin mümkün nüvə hücumları qarşısında aciz qalacağına dair analitik məqalə yayımlanıb. Məqalə müəllifinin fikrincə, Rusiya və Çin Amerikaya nüvə hücumuna başlasalar, ABŞ öz ərazisini qorumaqda çətinlik çəkəcək. Amerikanın Alyaskada, Kaliforniyada və Şərqi Avropada raketlərdən müdafiə sistemləri mövcuddur. Ancaq məqalə müəllifi iddia edir ki, bu müdafiə sistemləri Amerikanı sadəcə Şimali Koreya və İran kimi ölkələrin nüvə hücumlarından qoruya bilər: “Müdafiə sistemləri təkmil deyil. Rusiya və Çin Amerikaya qarşı kütləvi nüvə hücumuna başlasa, müdafiə sistemləri yarılacaq. Misal üçün, Çinin fərqli bombalama strategiyası mövcuddur”. Beləliklə, Amerikada əsas müzakirə mövzularından biri Tayvan və mümkün nüvə müharibəsidir. Tayvanı qorumağın özü iki nüvə dövlətini – ABŞ-ı və Çini qarşı-qarşıya gətirəcək. Hər iki tərəf hələ ki, geri çəkilmək fikrində deyil. Əksinə, NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin son toplantısında yenə iki təhlükədən – Rusiya və Çindən danışılıb".