Gürcüstan müxalifəti etiraz aksiyaları keçirəcək-YENİLƏNİB

Gürcüstanın müxalifət partiyalarının Tbilisidə parlament binasının qarşısında təşkil etdiyi etiraz aksiyası yekunlaşıb.

“Report”un yerli bürosu xəbər verir ki, partiya sədrləri yerli seçkilərin ikinci mərhələsinin nəticələri ilə razılaşmadıqlarını və ədalət uğruda mübarizəni davam etdirəcəklərini bildiriblər.

Etirazçılar qarşısında çıxış edən Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya noyabrın 7-də Tbilisidəki Azadlıq meydanında genişmiqyaslı aksiyanın keçiriləcəyini elan edib. O, noyabrın 2-də Batumidə də etiraz aksiyasının təşkil olunacağını deyib.

Digər müxalifət lideri, “Lelo” Partiyasının sədri Mamuka Xazaradze çıxışında deputat mandatından imtina etdiyini bildirib. O, azad Gürcüstan və gələcək nəsillər üçün qələbəyə qədər mübarizəni davam etdirəcəyini bildirib.

19:30

Gürcüstan müxalifəti paytaxt Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirir.

“Report”un yerli bürosu xəbər verir ki, mitinqdə Vahid Milli Hərəkat Partiyası, "Lelo", "Droa" və Avropalı Gürcüstan Partiyasının liderləri və tərəfdarları iştirak edirlər.

Müxalifət ötən gün baş tutmuş yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turunun nəticələrini tanımır. Aksiyada müxalifət gələcək fəaliyyət planını açıqlayacaq.

Parlament və hökumət binasının yaxınlığına əlavə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, ötəngünkü seçkilərin nəticələrinə əsasən, hakim Gürcü Arzusu Partiyası 20 şəhər və bələdiyyənin 19-da səs çoxluğu ilə müxalifətə qalib gəlib.

14:11

Gürcüstan müxalifəti bu gün Tbilisidə saat 19:00-da parlament binasının qarşısında mitinq keçirəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya brifinqdə məlumat verib.

O, müxalifət tərəfdarlarını aksiyaya çağırıb: "Ötəngünkü seçkilər tam olaraq saxtalaşdırılıb. Dünən mübarizə bitməyib, əksinə başlayıb. Özünə hörmət edən istənilən Gürcüstan vətəndaşı dünən baş verənlərlə barışmağa hazırlaşmır".