Ərdoğanla Bayden gərginliyi azaltmaq üçün səylərini ortaya qoydular
Romada keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında görüş keçirilib. Görüş təxminən 1 saat 10 dəqiqə davam edib. Mətbuat üçün qapalı formatda keçirilən görüşdə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. Danışıqların yekunları üzrə məlum olub ki, liderlər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və inkişafı üçün birgə mexanizmin yaradılması barədə razılığa gəliblər. Görüş zamanı dövlət başçıları ikitərəfli ticarətin həcminin artırılması üçün ümumi perspektivə uyğun olaraq atılacaq addımları müzakirə ediblər. Ərdoğan və Bayden NATO ilə müttəfiqlik və strateji tərəfdaşlığı xüsusi vurğulayıblar. Həmçinin, iqlim dəyişikliyi məsələsində atılan qarşılıqlı addımlardan məmnun olduqlarını bildiriblər. Eyni zamanda Ağ Evdən bildirilib ki, iki ölkə lideri Cənubi Qafqaz, Suriya, Liviyadakı diplomatik səyləri və Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə ediblər. Qeyd edək ki, son dəfə Türkiyə və ABŞ liderləri iyun ayında Brüsseldə keçirilən NATO sammiti çərçivəsində görüşüblər. Daha əvvəl mətbuata açıqlama verən Ərdoğan danışıqların əsas mövzusunun Türkiyənin F-35 qırıcı təyyarələrinin hazırlanması proqramında iştirakı olacağını bildirmişdi.
Görüşlə bağlı “Şərq”ə danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Romada keçirilən G20 sammiti dünya siyasətinin konturlarının cızılmasında çəki qazanmış ölkələrin liderlərinin müzakirələr aparması üçün münbit platforma oldu. Analitikə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Co Bayden də bir araya gələrək iki ölkə arasındakı gərginliyin azaldılması üçün səylərini ortaya qoydular. Ekspert diqqət çəkən məqamlara toxunub:
“Ərdoğanla Baydenin görüşü Romada yox, Şotlandiyanın Qlazqo şəhərində nəzərdə tutulurdu. Liderlər bir araya toplanarkən Baydenin Ərdoğanla təmas yaratması üçün təşəbbüskar olduğu görünür. Liderlər niyə “tələsdilər”, Ərdoğanla Baydenin görüşünün tezləşməsini şərtləndirən səbəblər sırasında hansı prosesləri görə bilərik? Nəzərə almaq lazımdır ki, hazırda Ukrayna ordusu separatçıların işğalında olan ərazilərə “Bayraktar” dronları ilə zərbələr endirir. Kiyevin ritorikasının döyüş tərzinə keçməsini Kreml həzm edə bilmir, Qərb və Türkiyə isə bu məsələdə Ukraynaya dəstəkdir. Ancaq Kiyevə dəstəkdə ABŞ və Türkiyənin vahid standartlarla yanaşdığını söyləmək bir qədər çətindir. Çünki Ankara ilə Vaşinqtonun münasibətlərindəki gərginlik qlobal siyasətdə də onların strateji maraqlarının toqquşmasına gətirib çıxarır. Türkiyə NATO üzvü olsa da, onun Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini tədarük etməsi, Suriya məsələsindəki fikir ayrılıqları və sair Ankara-Vaşinqton münasibətlərinin rənglərini tündləşdirir. Bununla belə, tərəflər saat əqrəblərini tutuşdurmalıdır, hazırda Qərbdən fərqli olaraq Ankaranın Moskvanın beynəlxalq siyasəti ilə qərarlarına təsiretmə gücü daha çoxmuş kimi görünür. Bu təsiretmə diktədən ibarət deyil, sadəcə, Ankara ilə Moskvanın əlaqələrinin genişlənməsi və dərinləşməsi onların bir-birinə münasibətdə etimad mühitinin formalaşmasına zəmin yaradır.
Güman etmək mümkündür ki, Qərb Ukraynada münaqişənin alovlanmasından ehtiyat edir, çünki Kiyevin Moskva ilə toqquşacağı təqdirdə, Qərbin Ukraynaya praktiki dəstək vermək imkanları minimuma enəcək”.
A.Kərimova görə, Bayden Ərdoğanın dövriyyəyə girməsinin qısamüddətli də olsa fayda gətirəcəyinə onu inandırmağa çalışır:
“Digər versiya isə budur ki, Bayden ABŞ-ın müəyyən bölgələrdəki, o cümlədən Ukraynadakı rəqiblərini və əleyhdarlarını çəkindirmək üçün Türkiyənin artan nüfuzundan yararlanmaq strategiyasını yürüdür. Düzü, liderlərin görüşünə dair rəsmi açıqlamalarda tərəflərin Ukrayna məsələsini müzakirə edib-etmədiyinə dair bir məlumat yoxdur. Ancaq Ərdoğan-Bayden görüşünün pərdə arxasında Ukrayna böhranının masaya daşınmadığını söyləmək də düzgün olmaz. Noyabrın 1-də ABŞ Müdafiə Nazirliyi Rusiya-Ukrayna sərhədindəki vəziyyəti izləməkdə davam etdiyini açıqlayıb. Bunun özü də Ukrayna məsələsinin Ərdoğan-Bayden görüşündə müzakirə predmetinə çevrildiyinə dəlalət edən bəyanat kimi dəyərləndirilə bilər. "Taliban" tərəddüdlər yaradır. ABŞ və Türkiyə liderləri Suriya, Liviya, Əfqanıstan, Cənubi Qafqazdakı prosesləri də müzakirə planlarına daxil ediblər. Ağ Evin yaydığı məlumata əsasən, Bayden yenidən Türkiyənin Rusiyadan S-400 almasından narahatlığını təkrar edib. Güclü demokratik institutların, insan haqlarına hörmətin və qanunun aliliyinin sülh və rifah üçün əhəmiyyətini vurğulayıb. Ərdoğanın görüşə dair mətbuata açıqlaması isə ABŞ-ın mövqeyinə kontur-arqument kimi nəzərdən keçirilə bilər. Ağ Evin ənənəvi açıqlaması fonunda Ərdoğanın da ənənəvi arqumentə müraciət etməsi belə deməyə əsas verir. Ərdoğan ABŞ-ın Suriyada Türkiyənin təhlükəsizliyi üçün təhdid yaradan terrorçulara dəstəyini dayandırmasının vacibliyini dilə gətirib. Bu açıqlama göstərir ki, Ərdoğanla Bayden arasında PKK məsələsinə dair fikir ayrılıqları qalmaqda davam edir və Ərdoğan Ağ Ev rəhbərindən etibarlı zəmanət ala bilməyib”.
Həmsöhbətimiz vurğulayıb ki, Türkiyə lideri amerikalı həmkarı ilə Əfqanıstanda hakimiyyətə gələn "Taliban" məsələsini müzakirə etdiklərini də açıqlayıb. Ancaq Ərdoğanın dediklərindən anlaşılır ki, "Taliban"la əməkdaşlığa dair konturlar qeyri-müəyyəndir: “Ərdoğanın dediklərindən sitat:
“Bundan sonrakı mərhələni proseslərin gedişatı müəyyən edəcək”. Yəni Türkiyə qlobal güclərin rəqabəti zəminində "Taliban"la bağlı məsələdə maksimum ehtiyatlı davranmağın kodekslərini ortaya qoyur. Ərdoğanın ikitərəfli münasibətlərdə soyuqluq yaradan F-16 və F-35 qırıcı təyyarələri ilə bağlı dediklərinə gəlincə, söyləyə bilərik ki, Ankara ilə Vaşinqton bu mövzuda uzlaşma tapa bilməyib. Zəngəzur dəhlizi: Gürcüstan amili Romada liderlər Cənubi Qafqazdakı postmünaqişə periodundakı prosesləri də müzakirə predmetinə gətiriblər. Son zamanlar ABŞ-ın Zəngəzur dəhlizi məsələsində durğun mövqeyi ön plandadır, bunun səbəblərini izah etməyə çalışaq. Amerikanın ən çox narahat olduğu məsələ Gürcüstan amili ilə bağlıdır. ABŞ son zamanlar Rusiyanın Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması üçün təşəbbüsü ələ almasından narahatdır, amma özü də fəaliyyət planını aktiv fazaya keçirmir. Bu isə bağlanacaq sülh müqaviləsində Rusiyanın və Türkiyənin maraqlarının daha çox əks olunması üçün əsaslar yarada bilər, indi Vaşinqton proseslərə müdaxilə üçün başqa variantlar üzərində düşünür. Ərdoğan Vaşinqtonun narahatlıqlarını aradan qaldırmaq üçün Baydeni inandıran arqumentlər ortaya qoyur. Ərdoğan-Bayden görüşünü Ankara və Vaşinqton müsbət dəyərləndirsə də, bunun fərqli nəticələr hasil edən proseslərə gətirib çıxaracağı inandırıcı deyil. İki ölkə arasındakı bir neçə il əvvələ söykənən ənənəvi problemlər ən azından bir müddətliyə də olsa davam edəcək”.